Bundan sonra əlillik necə təyin olunacaq? –Nazirlikdən AÇIQLAMA

Nazirlər Kabineti ötən gün əlilliyin müəyyən edilməsinə dair yeni meyarları təsdiqləyib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov deyib ki, Nazirlər Kabinetinin sözügedən Qərarı Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli Fərmanının 3.1.1. yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Qərara əsasən yeni “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilib:

“Yeni meyarlarla əlilliyin qiymətləndirilməsi ənənəvi 3 dərəcə üzrə məhdud çərçivədə deyil, daha geniş spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

Belə ki, I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;

II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;

III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək.

Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Bu ilin iyulun 1-dən qüvvəyə minəcək meyarlara əsasən əlilliyin qiymətləndirilməsi Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla aparılacaq”.

Əvvəlki məqalə

Cəlilabad sakini Bakıda maşından küçələrə “yüz manatlıq” səpdi –

Sonrakı məqalə

“Ölkədə Ailə Nazirliyi yaradılsın” –