“Cəmiyyətdə daha Türkiyə ilə görüşüb-görüşməmək dilemması qalmayıb”- PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə prezidenti ilə təmasların vacib olduğunu deyib.

Azpost.info xəbər verir ki, Paşinyan bu barədə parlamentdə 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı danışıb.

Ermənistan Baş naziri bu il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını, daha sonra isə bu yaxınlarda Praqada görüşdüyünü xatırladıb.

“Soruşa bilərsiniz ki, bu görüşlərdən sonra nəsə dəyişib? Düşünürəm ki, situasiyada çox mühüm dəyişiklik var. Bu, əlbəttə ki, özlüyündə hansısa əhəmiyyətli və praktiki nəticə deyil. Amma vəziyyəti təhlil edərək başa düşdüm ki, bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə təmaslar zamanı biz kommunikasiya çətinliklərini aradan qaldıra bilmişik. Ola bilsin ki, bu, çox zəif və əhəmiyyətsiz arqumentdir. Lakin keçmişdə sual belə olub – görüşmək və ya görüşməmək, danışmaq və ya danışmamaq. İndi nəinki hakimiyyət səviyyəsində, hətta cəmiyyət səviyyəsində də bu dilemma yoxdur”, – Paşinyan qeyd edib.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Nümayəndələr artıq dörd dəfə görüşüblər. Birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib.

Azpost.info

 

Əvvəlki məqalə

İran Xəzər dənizi ilə Rusiyaya 200 dron göndərməyi planlaşdırır –

Sonrakı məqalə

“Ermənistanla Azərbaycan arasında davamlı sülh üçün dəstəyi davam etdirəcəyik”