“Çətinlik çəkdiyim məqam yeni sxemdə oynamaqdır” –Mahir Emreli Polşadakı legioner həyatından danışdı (MÜSAHİBƏ)

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” komandası yeni mövsümün hazırlaqlarını davam etdirir. Varşava təmsilçisi sonuncu yoxlama görüşündə Polşanın digər klubu “Lexiya” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Start heyətdə meydana daxil olan 24 yaşlı hücumçu ikinci hissədə əvəzlənib. 
Mahir Emreli  fanat.az-a müsahibəsində yeni komandası ilə bağlı təəssütlarını açıqlayıb, Polşa çempionu, həm də öz çıxışı ilə bağlı bir sıra məqamlardan danışıb.
– Digər iki oyuna nisbətən “Lexiya” ilə matçda qol imkanlarımız az idi. Açıq danışsam, oyunum bir o qədər də ürək açan olmadı. Amma yoldaşlıq oyunudur. Məşqlərimiz də ağırdır. Məşqçi də bunu başa düşür, bilir. Ona görə nəsə demək üçün hələ ki, tezdir. Önəmli olan rəsmi oyunlardır. Bu, hələ ki, hazırlıq prosesidir. Ona görə də çalışırıq ki, çatışmazlıqları aradan qaldıraq və ilk oyuna maksimum şəkildə hazır olaq.
– Hazırlıq necə gedir? Yeni komandanıza uyğunlaşa bilmisinizmi?
– Hazırlıq prosesi yaxşı gedir. Ümumiyyətlə, təlim-məşq toplanışını yaxşı keçdik. Komandaya tez uyğunlaşıram. Bəzi məqamlar var ki, komanda yoldaşlarımla bir-birimizi o qədər də başa düşmürük. Amma oyunda yaxşı anlar da çox olur. Çalışıram ki, bu, çatışmazlıqları aradan qaldırım və ilk oyuna tam hazır olum. Sağ olsunlar, komanda yoldaşlarım da, baş məşqçim də, bütün məşqçilər korpusu da, rəhbərlik də, hamısı çox dəstək olurlar. Həqiqətən bu, mənim üçün çox önəmlidir.
– Dillə bağlı probleminiz varmı?
– Xeyr, ünsiyyətlə bağlı problemim yoxdur. İstər ingilis, istərsə də rus dilində ünsiyyət qururuq. Rus dilinə biraz yaxın dil olduğu üçün bəzən nə danışıldığını başa düşürəm. Planımda var ki, bir neçə aya mən də Polşa dilində danışa bilim. Bunun üzərində işləyirəm.
– Çətinlik çəkdiyiniz məqamlar varmı?
– Çətinlik çəkdiyim məqam yeni məşqlər, yeni sxemdə oynamaqdır. Əslində çətinlik deməyək, sadəcə öyrəşmək lazımdır, zaman lazımdır. Çalışıram ki, daha çox işləyim və bu məqamları aradan qaldırım. Ümid edirəm ki, tez bir zamanda buna nail ola biləcəm.
– Yəqin ki, Azərbaycan mətbuatını izləyirsiniz? Baxmayaraq ki, hələ ki, yoldaşlıq oyunlarında iştirak edib qol vurursunuz, mətbuatda ən çox oxunan xəbərlərdən olur…
– Bəli, bəli! Oxuyuram. Yaxşı ki, bu məqamı xatırlatdınız. Məni necə diqqətdə saxladığınızı görürəm, izləyirəm. Fürsətdən istifadə edib bütün Azərbaycan mətbuatına, bütün məni dəstəkləyən insanlara təşəkkür edirəm. Var olasınız!
– Polşa mətbuatında sizə münasibət necədir? Düzdür, qısa müddətdir hələ getdiyiniz. Ancaq maraqlıdır, bu müddətdə ölkə mətbuatı ilə Polşa mətbuatı arasında nə kimi fərq hiss etmisiniz? 
– Xüsusi fərq qoymaq istəməzdim. Dediyiniz kimi, qısa müddətdir burdayam. Səhv etmirəmsə, 2-3 dəfə müsahibə vermək imkanım olub. Yəni mətbuatla tam da tanış olmamışam. Düzdür, müsahibələri ingilis dilində verirəm, amma yerli dildə yayımlanır deyə bir o qədər də başa düşmürəm. Amma nəsə problem yaşamamışam. Dediyim kimi, fərq qoymaq istəməzdim. İdman mətbuatıdır, məncə, çox böyük fərq olmaz.
– İlk dəfədir legioner həyatı yaşayırsız. Məsələn, elə futbolçularımız olub ki, Bakı üçün, evi, yaxınları üçün darıxıb qayıdıblar, karyeralarını məhv ediblər. Siz necə hiss edirsiz? Belə duyğusallığa qapıla bilərsiz, yoxsa uzun müddət ölkə xaricində qalmaqdır planınız?
– Mən evimə, ailəmə bağlı insanam. Amma bu yola başlayanda nəyin necə olacağını bilirdik. Gələcəkdə necə olacağını indidən demək istəməzdim. Ən azı bilirəm ki, bu, karyeranı məhv etməyə səbəb deyil. Ünsiyyət problemim yoxdur, komanda məni çox yaxşı qarşıladı, baş məşqçimizlə, futbolçularımızla yaxşı münasibətim var. Hər şey istədiyim kimidir. Qalır həm meydanda, həm meydandan kənarda bunu davam elətdirmək, ən əsası da meydanda. Çünki nə qədər çox uğurlarımız olsa, bu, mənə daha çox motivasiya verəcək. Ümid edirəm ki, daha da yaxşı nəticələr əldə edəcəm. Xüsusilə də “Legiya”da bunu etməyi çox istəyirəm. Çox böyük motivasiya ilə gəlmişəm. Nə olursa olsun, bunu qoruyub saxlamaq istəyirəm.
– Növbəti yoxlama oyununuz “Qarabağ”da birgə çıxış etdiyiniz Dani Kintananın yeni klubu “Yagelloniya”ya qarşı olacaq. Polşaya gedəndən heç rastlaşmısınızmı, əlaqəniz varmı? Hər halda, keçmiş komanda yoldaşınızla eyni ölkədə oynamaq, tanıdığınız birinin olması avantajdır… 
– Dani ilə mən “Legiya”ya transfer olunanda danışmışdıq. Məni təbrik etdi və boş vaxt olanda görüşməyə sözləşdik. Söhbətimiz bundan ibarət olub. Yəqin ki, oyunda da görüşərik.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nyu-York prokurorluğu Trampın şirkətinə qarşı ittiham irəli sürüb

Sonrakı məqalə

“Tətbiq edilən vaksinlərin heç birində ağırlaşma müşahidə olunmayıb” –