Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşüb.
Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Nazirlər ikitərəfli əlaqələri, regional məsələləri müzakirə ediblər.
Dəvətimizi qəbul edib Antalya Diplomatiya Forumuna qatıldığı üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təşəkkür edirəm.
Bunu erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Antalya Diplomatiya Forumu hər kəs üçün açıq bir platformadır.
“Görüşümüz son dərəcə məhsuldar və konstruktiv oldu. Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik”, – nazir qeyd edib. (APA)