Financial Times yazır ki, Çin qızıl ehtiyatlarını gizli şəkildə rəsmi açıqlamalardan 10 dəfədən çox miqdarda artırır. Analitiklər bildirirlər ki, bu məxfi alışlar metallın qiymətlərini yeni rekordlara qaldırır və Pekinin dollar asılılığını azaltmaq strategiyasının tərkib hissəsidir.
AzPost xəbər verir ki, Carlyle şirkətinin enerji strategiyası üzrə rəhbəri Ceff Kerri vurğulayıb ki, Çin qızılı dedolların əvəzinə ehtiyat kimi alır və bu alışları izləmək demək olar ki, mümkünsüzdür: “Nefti peyk vasitəsilə izləyə bilərsiniz, amma qızıla nəzarət bu qədər açıq deyil”.
Rəsmi açıqlamalara görə, Çin Mərkəzi Bankı yay aylarında ayda təxminən 2 ton qızıl alıb. Lakin Société Générale-in hesablamalarına görə, real alışlar 250 tona çata bilər ki, bu, dünya mərkəzi banklarının tələbinin təxminən üçdə birinə bərabərdir. Yaponiyadakı ekspertlər isə hesab edir ki, Çinin qızıl ehtiyatları təxminən 5 min ton ola bilər – bu, açıqlanan rəqəmlərin demək olar ki, ikiqatıdır.
Mütəxəssislər bildirirlər ki, bu qədər böyük məxfi alışlar qiymətlərin proqnozlaşdırılmasını çətinləşdirir. Bazarda iştirakçılar alternativ göstəricilərə diqqət yetirir, məsələn, İsveçrə və Cənubi Afrikada istehsal edilən 400 unsiyalı yeni külçə sifarişləri.
Qızılın qiyməti bu il artıq bir neçə rekord vurub. 14 noyabr tarixində bir unsiya təxminən 4 180 ABŞ dollarına bərabər olub. Qiymət artımı fonunda isə mərkəzi banklar sentyabrda 39 ton qızıl alaraq ilin maksimum aylıq alışını həyata keçiriblər.