Gülər Məmmədova adlı vətəndaş CityNet internet provayderindən şikayətçidir. AzPost xəbər verir ki, vətəndaş bu barədə sosial media hesabında yazıb.
Bildirir ki, qoşulduğu gündən bəri internetin sürəti son dərəcə zəifdir və demək olar ki, işlək vəziyyətdə deyil. “Dəfələrlə müştəri xidmətlərinə müraciət etmişik, lakin heç bir nəticə əldə olunmayıb. Sonuncu dəfə əlaqə saxladıqda, operator məsələni texniki işçiyə yönləndirdi. Texnik isə problemi yalnız 70-80 manat dəyərində “gücləndirici” alacağım təqdirdə həll edə biləcəyini bildirdi. Onun sözlərinə görə, guya Bakının 60-70%-i bu cihazdan istifadə edir. Ödəniş etdiyimiz xidmətin keyfiyyətli şəkildə təqdim olunmasını tələb edirik. Aylıq 25 manat bizim üçün böyük məbləğdir” – deyə müştəri şikayətində bildirib.
Şirkətdən şikayətçi olan digər şəxs də uzun müddətdən sonra imtina etdiyini bildirib. “Bizdə də vəziyyət eyni idi. Demək olar internet işləmirdi. Biz neçə illik abunəçi olduğumuz üçün kampaniya vaxtına düşüb qeyd olunan aparatdan gəlib qoşdular. Yenə eyni şey oldu. Sonra internetin pulu qalxdı və imtina etdim. Bu yaxınlarda əməkdaşları mənə zəng edib 8 manatlıq internet təklif etdi. Lakin sonradan dəfələrlə müraciət etsəm də nəticə olmadı. 25manat bir internet üçün həddindən artıq bahadır”- deyə şikayətçi bildirir.
Şirkət nümayəndəsi vətəndaşın müraciətinə cavab olaraq əlaqə məlumatlarını istəyib və problemlə məşğul olacaqlarını qeyd ediblər. Lakin vətəndaş “Məm özüm 50 dəfə etmişəm şikayət. Burda yalandan nömrə istəməklə deyil” deyə cavab verib.