Avropa Komissiyası Coca-Cola şirkətinə qarşı antiinhisar araşdırmasına başlayıb.

Azpost.info-nun məlumatına görə, Avropada Coca-Cola içkilərinin ən böyük istehsalçı və distribütor şirkəti olan Coca-Cola Europacific Partners (CCEP) rəqabəti məhdudlaşdırmaqda şübhəli bilinir. Bu məhdudiyyətlərin Coca-Cola, Fanta və Sprite içkilərinin qiymətlərinin artmasına səbəb ola biləcəyi ehtimal edilir.

Bild nəşrinin məlumatına görə, CCEP Almaniya, Fransa, İsveç, İspaniya və digər Avropa ölkələrində supermarketlərə, mağazalara və yanacaqdoldurma məntəqələrinə içkilər tədarük edir. Coca-Cola korporasiyası şirkətin səhmlərinin təxminən 18 faizinə sahibdir. Avropa Komissiyasının versiyasına görə, CCEP daha ucuz qiymətə məhsul satılan ölkələrdən içkilərin alınmasına və onların Avropa İttifaqının digər dövlətlərində yenidən satışına mane ola bilərdi.

Bunun üçün şirkətin, ehtimal ki, qablaşdırma fərqlərindən istifadə etdiyi, transsərhəd satışlardan imtina etmək şərti ilə endirimlər təklif etdiyi və hər bir ölkə üçün qiymətlərin ayrıca razılaşdırılmasını tələb etdiyi ehtimal olunur.

Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Tereza Ribera bildirib: “Avropanın hər yerində insanlar hər gün sərinləşdirici içkilərdən istifadə edirlər. Lakin onlar Aİ-nin başqa ölkəsində deyil, müəyyən bir ölkəsində yaşadıqlarına görə daha çox pul ödəməməlidirlər”.

CCEP Avropa Komissiyası ilə tam əməkdaşlıq edəcəyini bəyan edib.

Pozuntular təsdiqlənərsə, şirkət illik qlobal dövriyyəsinin 10 faizinədək məbləğdə cərimələnə bilər. Bu halda cərimənin 2 milyard avronu keçəcəyi ehtimal olunur.

Samir Abdulla