Bir çox insan hələ də özü ilə danışmağı qəribə, hətta narahatedici vərdiş hesab edir. Bu yanlış təsəvvürə görə bəziləri güzgü qarşısında özünə müraciət etməyə belə çəkinir.

Halbuki müasir elmi araşdırmalar göstərir ki, insanın özü ilə həm daxili, həm də ucadan dialoq aparması şəxsi inkişaf və emosional tarazlıq üçün faydalı vasitə ola bilər.

Azpost.info “Taylor & Francis” nəşrində dərc olunan araşdırmalara istinadən bildirir ki, özü ilə danışmağın bir sıra üstünlükləri var.

Özü ilə ucadan danışmaq niyə faydalıdır?

Viskonsin-Medison Universitetinin psixologiya professoru Qari Lupyan hesab edir ki, insanın öz düşüncələrini ucadan ifadə etməsi tamamilə normal olmaqla yanaşı, faydalıdır. Onun araşdırmaları göstərir ki, fikirləri səsləndirmək tapşırıqları daha tez yerinə yetirməyə, diqqəti cəmləməyə və vizual qavrayışı gücləndirməyə kömək edir. Təcrübələrdən birində iştirakçılara müxtəlif əşyaların təsvirləri göstərilib və onlardan çoxsaylı detallar arasında, məsələn, çəngəli tapmaq istənilib. Tapşırıq zamanı “çəngəl” sözünü ucadan təkrarlayan iştirakçılar axtarışı daha sürətlə başa çatdırıblar.

Bu üsul gündəlik həyatda da işə yaraya bilər. Məsələn, evdə açar axtararkən “açarlar, açarlar” deyə təkrarlamaq diqqəti həmin əşyaya yönəltməyə kömək edir.

Müsbət özünütəlqin insanı gücləndirir

Psixoloqlar və şəxsi inkişaf üzrə mütəxəssislər insanlara özləri ilə müsbət tonda danışmağı, sevgi, xoşbəxtlik və uğura layiq olduqlarını özlərinə xatırlatmağı tövsiyə edirlər. Bu üsul affirmasiya, yəni müsbət özünütəlqin adlanır. Araşdırmalar göstərib ki, məşq zamanı öz hərəkətlərini şərh edən idmançılar daha yaxşı nəticələr əldə edə bilirlər. Onlar daha sürətli reaksiya verir, hərəkətləri daha dəqiq yerinə yetirir və daha az səhvə yol verirlər.

Öz hərəkətlərini sözlə ifadə etmək diqqəti qorumağa və müxtəlif tapşırıqlar arasında daha asan keçid etməyə kömək edir.

Stress zamanı insan özü ilə danışmalıdır

İnsan narahatlıq və stress yaradan vəziyyətlərlə qarşılaşdıqda özü ilə danışmaq ehtiyacı hiss edə bilər. Bu, emosiyalarını anlamağa, narahatlığı azaltmağa və daxili dəstək tapmağa kömək edir.

Psixoterapevt Qabriel Mors belə vəziyyətlərdə aşağıdakı ifadələrdən istifadə etməyi tövsiyə edir:

“Mən bunun öhdəsindən gələcəyəm, gücüm və imkanlarım var”.

“Hazırda qorxuram, amma real təhlükə yoxdur”.

“Bu da keçəcək, sadəcə çətin bir dövr yaşayıram”.

Mütəxəssisin fikrincə, fikirləri ucadan ifadə etmək məntiqi düşüncəni aktivləşdirir və emosional gərginliyi azaldır.

Özü ilə danışmaq tənhalıq hissini azalda bilər

Bəzən insan xarici dəstəkdən məhrum olur. Bu, doğuşdan sonrakı dövrdə, xəstəlik zamanı, pandemiya səbəbindən təcrid olunanda və ya uzun müddət tək qalanda baş verə bilər. Belə vəziyyətlərdə insanın özü ilə dialoq aparması ona emosional dəstək verə bilər. Araşdırmalara görə, ailədə yeganə uşaq olan insanlarda özü ilə danışmaq vərdişinə daha çox rast gəlinir. Bu, onların ünsiyyət çatışmazlığının öhdəsindən gəlməsinə kömək edə bilər.

Ucadan danışmaq emosional gərginliyi boşaldır

Bəzən insan daxilindəki narazılığı və qəzəbi ifadə etməyə ehtiyac duyur. Alimlərin fikrincə, ucadan danışmaq, hətta söyüş söymək belə gərginliyi azalda və emosional boşalma yarada bilər. Araşdırmalardan birində iştirak edən professor həyat yoldaşının yanında əsəbiləşdiyi zaman hisslərini ucadan ifadə etdiyini bildirib. Onun sözlərinə görə, bunu mübahisə yaratmaq üçün deyil, emosiyalarını qarşı tərəfə çatdırmaq üçün edir.

Bu yanaşma münaqişənin qarşısını almağa və insanın öz hisslərini ifadə etməsinə imkan yaradır.

Özü ilə dialoq insanın özünü daha yaxşı tanımasına kömək edir

İnsanın düşüncələri, arzuları və narahatlıqları gün ərzində daim beynində dolaşır. Bunları ucadan ifadə etmək isə əslində nə hiss etdiyini daha yaxşı anlamağa şərait yaradır. Bu proses özünüdərk bacarığının inkişafına kömək edir. Özünüdərk isə müasir həyatda vacib psixoloji bacarıqlardan biri hesab olunur.

İctimai yerdə özü ilə necə danışmaq olar?

Əgər insan fikirlərini səsləndirmək istəyirsə, amma ictimai yerdə diqqət çəkməkdən çəkinirsə, qulaqlıq taxaraq telefonla danışırmış kimi davrana bilər. Bu zaman fikirlərini rahat şəkildə ifadə etmək, hətta jestlərdən istifadə etmək mümkündür. Ətrafdakılar onun adi telefon söhbəti apardığını düşünəcəklər.

Beləliklə, insan öz düşüncələrini aydınlaşdıra, emosional gərginliyini azalda və gözlənilməz həll yolları tapa bilər.

Sunay Aydın