Ukrayna Rusiya ilə müharibənin dayandırılması məsələsini müzakirə etmək üçün Avropa, ABŞ və Rusiyanın iştirakı ilə dördtərəfli görüş keçirməyə hazırdır.

Azpost.info bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

O bildirib ki, Kiyev Ukrayna, Avropa, ABŞ və Rusiya arasında danışıqların mümkün qədər tez keçirilməsi üçün bütün səyləri göstərməyə hazırdır.

“Dördtərəfli görüşün – Ukrayna, Avropa, Amerika və Rusiya arasında görüşün – mümkün qədər tez keçirilməsini təmin etmək üçün əlimizdən gələni etməliyik. Biz bunu sözün əsl mənasında elə sabah keçirməyə hazırıq”, – Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Kiyev belə bir görüşü Milad bayramına (25 dekabr) qədər təşkil etməyə çalışır. Bununla belə, Ukrayna tərəfi danışıqların daha əvvəl baş tutacağına ümid edir.

Qeyd edək ki, noyabrın 21-də Zelenski Ukrayna, ABŞ, Avropa və Rusiyanın iştirakı ilə növbəti danışıqların tarixinin müəyyənləşdirilməsinin Amerika tərəfinin bütün iştirakçılarla gündəliyi razılaşdırmasından asılı olduğunu bildirmişdi.

Nadir