Azərbaycanda əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edilib. Yeni qərara əsasən, əlilliyin müəyyən edilməsi zamanı tibbi-sosial ekspert komissiyasının qərarında vətəndaşın sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacına dair tibbi göstərişin qeyd olunması tələbi ləğv edilib.
Dəyişiklik Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla təsdiqlənib.
Əvvəlki qaydaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının qərarında vətəndaşın yalnız əlillik vəziyyəti deyil, həm də sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacı barədə tibbi göstəriş əks olunmalı idi.
Yeni qərarla bu tələb aradan qaldırılıb. Beləliklə, tibbi-sosial ekspert komissiyasının qərarında sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacla bağlı ayrıca tibbi göstərişin göstərilməsi artıq məcburi olmayacaq.
Bu dəyişiklik nə deməkdir?
Dəyişikliyin əsas mahiyyəti əlilliyin qiymətləndirilməsi ilə sosial müdafiə və reabilitasiya ehtiyaclarının müəyyənləşdirilməsi məsələlərinin sənədləşdirilməsində əvvəlki tələbin ləğvidir.
Başqa sözlə, tibbi-sosial ekspert komissiyasının qərarında əlilliyi təsdiqləyən məlumatlarla yanaşı, vətəndaşın sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacı barədə ayrıca tibbi göstərişin qeyd edilməsi artıq tələb olunmayacaq.
Bu dəyişiklik əlilliyə görə pensiya və müavinətlərin ləğvi, əlillik dərəcələrinin dəyişdirilməsi və ya reabilitasiya vasitələrindən istifadə hüququnun aradan qaldırılması demək deyil. Söhbət konkret olaraq tibbi-sosial ekspert komissiyasının qərarında həmin ehtiyaclara dair tibbi göstərişin göstərilməsi tələbinin ləğvindən gedir.