COVID-19 bioloji silahdır?

- Türkiyəli professor həqiqəti söylədi
30 Aprel 2020 - 15:50

Türkiyənin Səhiyyə Elmləri Universitetinin Tibbi KBRN (kimyəvi-bioloji-radioaktiv-nüvə) şöbəsinin müdiri, professor Levent Kenar dünyanı cənginə alan KOVID-19 virusunun laboratoriya şəraitində yaradılma ehtimalının olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, “haber7” portalına müsahibəsində danışıb.

Türkiyəli professor həmçinin bildirib ki, dünyada bioloji hücum olsaydı, elə bu qədər effekt yarada bilərdi. Türkiyəli elm adamı ilə müsahibəni olduğu kimi təqdim edirik:

 – KBRN nədir, harada istifadə olunur?

– Bu, ölkəmiz və dünya üçün yeni bir anlayışdır. Kimyəvi, bioloji, radioloji və nüvə… Bunların ilk hərflərindən ibarət bir ixtisardır. KBRN həm silahları, həm də terror hücumlarını araşdıran, hücumlar zamanı yarana biləcək təsirlərə diaqnoz qoyan və ilkin yardım mövzusunda konsepsiya hazırlayan bir mərkəzdir.

Əlbəttə ki, biz KBRN-in səhiyyə sahəsində tibbi hissəsi ilə maraqlanırıq. Bu cür hadisələr baş verdikdə, bu itkilərə müdaxilə, onların əlaqələndirilməsi və idarə olunması şöbəmiz vasitəsilə həyata keçirilən bir prosesdir.

– KBRN koronavirusu necə müəyyənləşdirir?

– KBRN-nin “B” hissəsini koronavirusla əlaqələndirə bilərik. Bioloji silah hissəsi ilə. Yarandığı mühit səbəbindən müzakirələr hələ də davam edir. Bioloji silahın xüsusi tərifi var. İnsanları bilərəkdən öldürmək, xaos yaratmaq, ictimai həyatı məhv etmək, çaxnaşma, qorxu yaymaq məqsədi ilə istifadə olunan mikrobioloji maddələr…

Bəzən irqi cəhətdən mikrobioloji maddələr də istehsal oluna bilər.

– Laboratoriya şəraitində bu virusu araşdıraraq onun təbii və ya süni şəkildə olub-olmadığını müəyyənləşdirə bilərik?

– Əlbətdə ki, bunu demək çox çətindir. Birincisi, bunu insanlara çatdırmaq üçün vasitəçi qüvvə tələb olunur. Məsələn, virusun yarasalardan keçdiyi deyilir. Ancaq bu mövzuda çoxlu suallar var. Bunlardan biri yarasada olan virus təbii yolla yaranıb, yoxsa laboratoriyadan götürülüb, yarasaya vurulub və sonra yayılıb?

Koronavirusu bioloji silah adlandırmaqla bağlı faiz nisbəti 50 faizdir. Qarşıdakı günlərdə aparılacaq müxtəlif təcrübələrlə bu rəqəm dəyişə bilər. Əlbəttə ki, tibb dünyası bunu bioloji silah saymır, təbii yolla yarandığını deyir.

Məsələyə digər tərəfdən baxsaq, bir insan bunu laboratoriya şəraitində yaradıbsa, bunun üzərində mükəmməl işləyib və geniş yayılmasını təmin edib. Həqiqətən dünyanı qorxudub. Bu, bütün dünyanın iqtisadiyyatına təsir edib. 4 trilyon dollarlıq iqtisadi ziyan vurub.

Hər hansı təşkilat və ya ölkə tərəfindən belə virus hazırlanmış olsaydı, yüksək texnologiya və elm adamlarının iştirakı olmalı idi. Belə bir uğurlu bioloji silah yalnız bu şərtlər altında hazırlana bilər. Hava şəraitindən təsirlənmir, heç bir simptom olmadan ötürülə bilir. Xəstələrin 20-25 faizi heç bir simptom olmadan daşıyıcıya çevrilir. Ekvadordakı iqlim şəraitində Çində və İslandiyada meteoroloji şəraitdə yaşayır.

– Kovid-19-un bioloji silah olmadığını fərz etsək, əsl bioloji silah dünyaya yayılardısa, nə baş verərdi ?

– Tamamilə oxşar vəziyyət olardı. Dünya bioloji bir müharibə içində olsaydı, ən yaxşı şərtlərdə vəziyyət indikindən fərqlənməzdi.

– Dünyanın hegemon ölkələrinin mövcud virus qarşısında mübarizəsini necə qiymətləndirirsiniz?

– Əslində bioloji silah üçün bir termin var. “Kasıbların atom bombası”. İstehsala baxsaq, nüvə silahının istehsalı həqiqətən baha başa gəlir. Bununla belə, bioloji silah istehsal etmək asandır və daha ucuzdur. Deyilənə görə, eyni effekti verə biləcək nüvə silahının dəyəri 2 min dollardırsa, bioloji silahın dəyəri 1 dollardır.

Əhəmiyyətli olan daşıyıcıların müəyyənləşdirilməsidir. Bütün problem buradan qaynaqlanır. ABŞ, Rusiya, İngiltərə, Kanada və başqa ölkələrin kütləvi qırğın silahlarına hazır olduğunu düşünürdük. Ancaq fərqli vəziyyətin şahidi olduq.

– Bioloji silah və ya pandemiyaya qarşı uğurlu olmağın meyarı nədir?

– Gündəlik həyat ümumi şərtlərə qayıtmalıdır. Xəstəxanalara müraciət edənlərin sayı azalmalıdır. Reanimasiya şöbələrinin sayı azalmalıdır. Bu şərtlərdə ölənlərin sayı da azalacaq. Bunlar əsas meyarlardır.

Hazırda kiçik olmasına baxmayaraq müsbət bir təkan əldə etdiyimizi söyləyə bilərik. Xüsusilə may ayında yaxşı göstərici olacaq. Bioloji silahların ən böyük təsiri cəmiyyətdə bu xaosun yaranmasıdır. Bu xaosun sonu uğurlu mübarizənin ən vacib meyarıdır.