Ölkənin dərman bazarında misli görünməmiş fırıldaqçılıq üzə çıxıb.
Bu barədə Azpost.info-ya bu belə bir halla üzləşən vətəndaş məlumat verib. Nevrogen xarakterli yuxusuzluqdan əziyyət çəkən şəxs həkimin yazdığı resept əsasında daimi olaraq yaxınına qiyməti 19 manat 40 qəpik olan “Neyrox” kapsulu alırmış. Dərman bir müddət xəstəyə yaxşı təsir göstərib.
Lakin növbəti dəfə aldığı kapsulların xəstəyə heç bir faydası olmayıb. Əvvəlcə xəstənin durumunun ağırlaşdığını zənn edən şəxs onunla birlikdə yenidən müayinə üçün həkimə gedib. Lakin dərmanla bağlı aparılan kiçik bir araşdırmadan sonra həkim də, xəstə də üzləşdikləri faktdan heyrətə gəliblər. Məlum olub ki, dərmanın adı və qiyməti dəyişməsə də tərkibi dəyişdirilib: Kapsulun 7 inqredientindən 5 -nin dozası dəfələrlə aşağı salınıb.
Türkiyənin Veqa Ilaç şirkətinin hazırladığı dərmanın (İşlətmə N-si TR -34-K-024794) qutusunun üzərində inqredientlər belə göstərilib:
Valeriana -250 mg.
Crataegus -250 mg.
Melissa offcinalis – 250 mg.
Vitamin B1- 60 mg.
Melatonin -4 mg.
Triptofan -5 mg
Mg – 5 mg.
Eyni şirkətin bu dəfə qara rəngli qutuda hazırladığı dərmanın tərkibi isə belədir:
Valeriana – 50 mg.
Crataegus -100 mg.
Melissa offcinalis – 90 mg.
Vitamin B1- 5 mg.
Melatonin -2 mg.
Triptofan -5 mg
Mg – 5 mg.
Aydın görünür ki, kapsulun tərkibinin əsas komponenti olan valerianın miqdarı bir kapsulda 250 mq-dən 50 mq-a salınıb. Digər komponentlər də onun kimi.
Əməkdaşımız bu faktla bağlı bir neçə ekspertlə söhbət edib. Onların fikrincə, bu sifarişçi şirkətin daha çox qazanmasına hesablanan fırıldaqçılıq faktıdır və Səhiyyə Nazirliyi belə faktları hökmən araşdırmalıdır.
Qeyd edək ki, dərman bazarı hər bir dövlətdə strateji əhəmiyyət daşıyır. Sağlam cəmiyyət isə Azərbaycan hakimiyyətinin ciddi önəm verdiyi əsas prioritetlərdən sayılır.
Azpost.info