Dağıdılmış Ağdama yaddaş səfəri

Jurnalist həmkarlarımın Ağdamdan paylaşdırqları fotolara baxıram…Kədərli şəkillərdir.
Ağdam Qarabağdakı erməni separatizminə qarşı müqavimət hərəkatının əsas qərargahı olub.
Ağdamda ölkənin çox taleyüklü məsələləri müzakirə olunub, bura çox qaranlıq mətləblərin sirrini gizlədib.
Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova burada başından örpəyini açaraq Əsgərana doğru gedən qəzəbli xalqı dayandıra bilmişdi…
O illərdə münaqişənin belə ağır nəticələrini heç kim guman eləmirdi.
O günlərdə Nizami Rəmzinin ölkəni dolaşan “eyləmisən hamını dəng erməni” məşhur meyxanasındakı “qabağına qatdı sizi ağdamlılar” misrası hamının canına yağ kimi yayılırdı, sifətdə məğrur gülüş yaradırdı.
Adamlar Qədir Rüstəmovu dinləyər, Səxavətin səsindən həzz alırdılar.
Ağdamın işğal olunacağını heç kim ağlına gətirmirdi.
SSRİ prezidenti Mixail Qorbaçovun 1991-ci ildəki oktyabr fərmanı ilə SSRİ Dövlət Şurasının Qarabağla bağlı iclası Ağdamda keçirilməli idi. Azərbaycan hökümətinin olduğu helekopteri Ağdamda vurub salmışdılar.
Xocalıya əks-hucum Ağdamda planlaşdırılmışdı.
1992-ci ilin martında 50-dək xarici jurnalist Ağdamda yığışıb Xocalı soyqrımının qurbanlarını qarşılamışdılar.
Ermənilərin öldürdükləri günahsız adamların meyitlərini Ağdam məscidinə düzüb ağlayırdılar…
Ağdam ölkənin “əsəb nöqtəsi” idi.
…28 ildən sonra yer üzündən silinmiş Ağdamın adamı vahiməyə salan boş, dağılmış yerlərinə gələnlər toz basmış xatirələrinin bir küncündə qalan yaddaşını silərək bu torpaqların üstündə vaxtilə yerləşmiş məkanların xəyalını qururlar. “Burada Çay evi idi”, “bura qəbristanlıq…” “Bəs Xan evi harda idi?”, “bizim küçə hanı?”, “yada sala bilmirəm evimizi?”…
Yer üzündən silinmiş şəhərlər, kəndlər tarixin qəmli səhifələridir. Onların üstündə həmişə yurduna ağı deyən qüssəli ruhlar dolaşırlar. Bu səhifələr həm də yaşayan nəsillər üçün ibrətdir.
Ağdam da belə ibrət yeridir.
44 günlük qalibiyyətli müharibədən sonra o yerlərə gedənlər həm də yaddaşın canlı daşıyıcısına çevrilirlər. 15-20 ildən sonra Ağdam tamam fərqli olacaq, körpələrin şaqraq gülüşləri yüksələcək, günəş şualarında qızınan ağsaqqaların söhbətləri, gənclərin şən səsləri gələcək. Həyat öz adi ritminə düşəcək.
Amma yaddaşı itirməməliyik…
Məmləkətin isə bir daha belə ağır xatirəsi olmamalıdır.
Xaqani SƏFƏROĞLU 
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə peyvənd olunanların sayı 453,586 nəfərə çatıb

Sonrakı məqalə

Dövlət İmtahan Mərkəzində TOEFL iBT və SAT imtahanları keçirilib