“Qarabağ milli məsələdir. Təəssüf ki, vaxt keçir, problem həll olunmur, bu da əhalidə narazılıq yaradır. Millətin gələcəyi, şərəfi buna bağlıdır. Bu məsələ nə iqtidarın, nə də müxalifətin inhisarındadır. Bu, hamının mövzusudur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı bildirib ki, xüsusən Dağlıq Qarabağda son zamanlar baş verən erməni həyasızlığı hər kəsi düşündürməlidir: “Burada ümummilli konsepsiya olmalıdır. Ona görə də təklif edirəm ki, müvafiq qurumlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işlərlə bizi tanış etsin. Bunun üçün Milli Məclisdə ildə iki dəfə bizimlə görüşlər keçirilməlidir”.