“Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyirik” –Suriya XİN rəhbərinin müavini

“ABŞ kimi ölkələrin Boliviya, Venesuela kimi ölkələrdə seçkilərin nəticələrini tanımamasından asılı olmayaraq, bu seçkilərin nəticəsinin tanınmasına çalışmalıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Suriya Xarici İşlər nazirinin müavini Faysal Mekdad bildirib.

Suriya Xarici İşlər nazirinin müavini deyib ki, terrorçuluq beynəlxalq ictimaiyyət üçün böyük təhdiddir: “Əl-Nusra Cəbhəsi və İŞİD kimi terror təşkilatları Suriya və digər qonşu ölkələrdə təhlükəsizliyi təhdid edir. Biz sərhəd tanımayan bu bəlanın qarşısını almalıyıq. Terrorçuluğa qarşı birgə mübarizə aparmalıyıq. Əgər ABŞ və Avropa İttifaqı bu sahədə tərəfdaşların seçilməsində daha çox siyasi təlimatlarla hərəkət edirsə, biz buna qarşı çıxmalı, bu mübarizədə yekdil olmalıyıq. Terrorçuluğa qarşı mübarizəni bəzi hallarda bu və ya digər ölkənin daxili işlərinə müdaxilə etmək üçün bəhanə kimi istifadə etməməliyik. Bu gün Suriya ərazi bütövlüyü baxımından çox böyük çətinliklərlə üz-üzədir. ABŞ-ın Suriyada apardığı əməliyyatlar birtərəfli əməliyyatlardır, ABŞ beynəlxalq hüququ pozur, BMT-nin Suriya ilə bağlı qətnamələrinə məhəl qoymur. Suriya hökuməti Qoşulmama Hərəkatına minnətdarlıq edir ki, ölkəmlə həmrəylik nümayiş etdirir. Qoşulmama Hərəkatı Türkiyənin müdaxiləsinə qarşı da həmrəylik nümayiş etdirməlidir. Suriya torpaqlarına kənar müdaxilənin qarşısı alınmalıdır. Türkiyə bu addımdan çəkinməlidir”.

Faysal Mekdad qeyd edib ki, İsrail Suriyada Qolan təpələrini işğal edib və bu, əhali üçün də problem yaradır: “Müharibə və ərazi bütövlüyümüzə qəsd göz qarşısındadır. Biz beynəlxalq hüquqdan, ərazi bütövlüyümüzün qorunmasında mövqeyimizdən geri çəkilməyəcəyik. BMT Təhlükəsizlik Şurasının 497 və 382 saylı qətnamələrində Suriyanın ərazi bütövlüyü dəstəklənir, İsrailin Qolan təpələrini işğal etməsi pislənir. ABŞ Prezidenti Donald Trampın Qolan təpələrini İsrailin ərazi kimi tanımasının heç bir əsası yoxdur. Suriya hökuməti məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək”.

Suriya Xarici İşlər Nazirinin müavini nəzərə çatdırıb ki, ABŞ İran, Venesuela kimi ölkələrə qarşı sanksiya tətbiq edir: “Biz belə addımları birmənalı şəkildə rədd edirik. Çünki ABŞ-ın dəstəyi olmadan İsrail Suriya torpaqlarında belə əməliyyatlar apara bilməzdi. Onu da qeyd edim ki, Suriya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.

O qeyd edib ki, bütün xarici dövlətlərin silahlı qüvvələri Suriya ərazisindən çıxarılmalıdır. Nazir müavini sonda Azərbaycanın 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəyini qeyd edərək, rəsmi Bakının Bandunq Prinsiplərini qoruyacağına inamını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MİRCƏFƏR BAĞIROVUN CANLI SƏSİ –

Sonrakı məqalə

Baş Prokurorluq aydınlıq gətirdi: