“Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır” –

Avropa İttifaqının Ali Nümayəndəsi
03 Dekabr 2020 - 16:12

“Biz hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. İnanırıq ki, noyabrın 9-da Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşması hərtərəfli həll yolu istiqamətində ilk addımdır. Lakin atəşkəs sülh deyil. Biz avropalılar bunu çox yaxşı bilirik. Dayanıqlı sülh, o cümlədən Dağlıq Qarabağın statusu hələ də müzakirə olunmalıdır.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ATƏT Nazirlər Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

Borrel deyib ki, Aİ yalnız təsdiqlənmiş format olan ATƏT-in Minsk Qrupuna tam dəstəyini bir daha ifadə edir: Gəlin icazə verək ATƏT-in Minsk Qrupu həmsədrləri bu məsələni izləsinlər. Aİ bu səylərə və dayanıqlı sülhün əldə olunmasına gətirib çıxaran razılaşmaya və bütün Cənubi Qafqazın rifahına, çiçəklənməsinə öz töhfəsini verməyə hazırdır. Biz bəyan etmişik ki, regionumuzdakı uzunmüddətli münaqişələr iştirakçı ölkələr bu münaqişələri ATƏT prinsiplərinə uyğun olaraq həll etməyə razılaşdığı təqdirdə həll oluna bilər. Bu, həm Dağlıq Qarabağ, həm də Gürcüstan və Moldova üçün keçərlidir.

O qeyd edib ki, ATƏT regionunda stabillik və təhlükəsizlik Aİ üçün strateji prioritetdir: «Aİ olaraq biz bütün imkan və alətlərimizi bu məqsədə çatmaq üçün səfərbər edəcəyik”. Borrell bildirib ki, ATƏT yenilənmiş dinamika və qətiyyətlə irəliyə doğru getməlidir: “Aİ inanır ki, ATƏT regionda təhlükəsizliklə bağlı problemlərin öhdəsindən gəlmək üçün əsas platformalardan birdir. Avropanın təhlükəsizlik arxitekturası yalnız beynəlxalq hüquqa və ATƏT prinsip və öhdəliklərinə hörmət edilərsə, qoruna bilər. Bunlar da Helsinki Yekun Aktı və Paris Xartiyasıdır”.