“Milli Məclisin deputatı, həmkarımız Rafael Cəbrayılovla bağlı məsələni mətbuatdan oxudum. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Ancaq onunla bağlı konkret fakt olarsa, hansısa hüquq-mühafizə orqanlarından sənədlərlə, dəlillərlə müraciət edilərsə, hətta müddəti bitmiş olan vəsiqədən istifadə halları təsdiqlənərsə İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat olaraq reaksiya veriləcək”.
Bu fikirləri Modern.az-a Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deputat Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirərkən deyib.
Məlahət İbrahimqızı məsələnin mənəvi tərəfi barədə bunları deyib:
“Deputat mandatı 40 mindən çox seçicinin etimadı, xalqın adından danışmaq, xalqı təmsil etmək hüququ deməkdir. Milli Məclisin deputatı olmaq, ölkənin qanunvericilik orqanında təmsil olunmaq şərəfli hadisədir. Xalqın təmsilçisi olmaqdan şərəfli bir şey yoxdur. Ola bilər ki, I, II çağırış, ya da digər çağırışın deputatı olasan. O dövr bitsə də, o mandat sənin üçün çox qiymətlidir. Bu məsələnin mənəvi tərəfidir”.
Məsələnin hüquqi tərəfindən danışan xanım parlamentari qeyd edib ki, şəxs növbəti dəfə deputat seçilmirsə, onun deputatlıq mandatına xitam verilir və deputatlıq vəsiqəsi heç bir işə yaramır: “İnanmağım gəlmir ki, bir millət vəkili mənəvi cəhətdən qiymətli olan mandatı nəyəsə qarşılıq olaraq girov qoysun. Onun qarşılığı yoxdur. Bəzi şeylər var ki, onları girov qoymaq olmaz. Məsələn, bayraq da bu cür hallardan biridir. Hətta, mağazadan alınan bayraq belə girov qoyula bilməz”.
Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasaında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.