Deputatlar uşaq pulunun verilməsini tələb edir –"Uşaqlarımız bizim gələcək nəslimiz deyil?"

Milli Məclisin deputatı Tahir Kərimli Milli Məclisin plenar iclasında növbəti dəfə hökumətin diqqətini uşaqpulu ilə bağlı məsələni çatdırdı.

“Xalqımız deyir, artıq sizin uşaqpulu bizə lazım deyil, çünki özümüz qocaldıq, uşaqlarımız böyüdü” – T.Kərimli incik formada çıxışını davam etdirdi.

Deputar bildirdi ki, ən kasıb ölkələrdə belə, uşaqpulu verilir: “Pandemiya müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu strateji məsələdir axı. Uşaqpulu o ailələr üçün bir sığortapulu olardı. 190 manat da almasa belə, o ailələr başlarını girləyə bilərdilər. Sosial müavinət 15-20 faizin xeyrinədir, əksinə, qıcıq yaradır. Əhalinin bəlkə də 100 faizə yaxını uşaqpulu istəyir. Yaxşı, necə olar bilər ki, 18 yaşı olan kimi çağırış yaşı veririk ki, gəl, səni əsgər aparırıq, amma uşaqpulu vermirik? Əgər səhv deyirəmsə, hökumət desin, sən düz demirsən. Bizim valyuta ehtiyatımız var. Axı, bu, xalqımızın istəyidir, strateji məsələdir. Biz yaşımızın bu vaxtında özümüzü kiməsə göstərmirik, vəzifə təmənnamız da yoxdur. Sadəcə, bu, xalqımızın istəyidir”.

T.Kərimli daha sonra bildirdi: “Deyirik, fondumuz gələcək nəsillər üçündür. Məgər uşaqlarımız bizim gələcək nəslimiz deyil? Onları sabah nə üzlə müharibəyə aparacağıq?”

Deputat ardınca pandemiya dövründə media nümayəndələrinə qadağaların qoyulmasından bəhs etdi: “Nəyə görə pandemiya dövründə jurnalistlərin hərəkəti məhdudlaşdırılır? Onlar üçün demirəm e, heç jurnalistlərin bir çoxunun məndən xoşu gəlmir”.

Deputat Hicran Hüseynova da T.Kərimlinin uşaqpulu ilə bağlı təklifinin çox vacib məsələ olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Sabir Rüstəmxanlı da eyni məsələyə dair öz fikirlərini çatdırdı:  “Ölkələr var, əkiz uşaqlara görə ev verilir, daha çox uşaq olanda əlavə təminatlar verilir. Azərbaycanda da var idi, amma unuduldu. Bir-iki uşağı da dövlət qayğısına almırıqsa, bizim gələcəyimiz necə olacaq?”

S.Rüstəmxanlı dedi ki, məmur siyahıları əyintilidir: “Gənc ailələrə yardım formasında uşaqpulunun bərpa olunması çox vacibdir. Xahiş edirəm, uşaqpulunun verilməsi bərpa olunsun!”

Milli Məclisin plenar iclasında bir sıra deputatların uşaqpulunun verilməsi ilə bağlı çıxışlarına komitə sədri Musa Quliyev də münasibət bildirdi. O, çıxışında dedi ki, hazırda hökumət 20-yə yaxın sosial müavinət növünü tətbiq edir: “Bunların 9-u uşaqların sosial müavinəti ilə bağlıdır”.

M.Quliyev bildirdi ki, əvvəllər verilən uşaqpulunun məbləği çox cüzi idi: “Manata çevirsək, bəlkə də 1 manatdan da az idi. Əgər biz hər uşağa ayda 50 manat versək, o ailəyə dəstək verə biləcəyikmi? Uşaqpulu məsələsinə yenə də o şəkildə qayıda bilərik ki, ünvanlılıq prinsipinə diqqət yetirək”.

M.Quliyev bu məsələ ilə bağlı təkliflər səsləndirən deputatlara xitabən onları əməkdaşlığa dəvət etdi. Belə ki, payız sessiyasında komitədə bununla bağlı müzakirələr aparmağa dəvət etdi: “Yoxsa iki gündən bir bu barədə təkliflər verməklə məsələ bitmir”

Sədr Sahibə Qafarova da təklif etdi ki, komitə bu məsələ ilə bağlı dinləmələr keçirsin. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Naxçıvana ayrılan pul pandemiya ilə mübarizə üçün deyil” –

Sonrakı məqalə

“Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar” –