Din alimlərimiz –Mircavad Axund

İslam dininin təşəkkül tapdığı gündən Azərbaycanın görkəmli ilahiyyatçıları İslam elminin inkişaf etməsində, müəyyən coğrafiyalarda yayılmasında müstəsna xidmət göstərmişlər.

Tarixi mənbələrə əsasən uzun illər alimlər fətvalarını Bakıdan, Naxçıvandan, Ərdəbildən, Lənkərandan, Gəncədən, İrəvandan və digər şəhərlərmizdən müsəlman düynasına çatdırıblar. Təəsüflər olsun ki, bu günə kimi din alimlərimiz tədqiqata cəlb edilməmiş, barələrində yetərli araşdırma aparılmamışdır.

Hazırda İraqın Nəcəf, İranın Qum və Məşhəd şəhərlərində Azərbaycandan olan çox sayda din alimlərinin məzarları vardır. Bu gün də Nəcəf, Qum və digər şəhərlərdə yerləşən elmi-dini mərkəzlərdə nisbəsi Vətənmizə bağlı olan alimlərin kitablarından istifadə edilməkdədir. Talış bölgəsi də öz növbəsində Azərbaycan ruhaniliyinə daim töhfəsini vermiş, Lənkərani təxəllüsü ilə olan yüzlərlə din xadimi təkcə islam dəyərlərini xalqa çatdırmamış, təhsil mərkəzlərində dünyəvi elmləri tədris etmiş, elmi əsərlər yazmış, müsəlman dünyasına fətvalar vermişlər.

Təkcə Lənkəran qəzasının Ərkivan kəndində eyni dövrdə 11 fətva vermək hüququ olan din xadimi yaşamışdır. Biz onların bir neçəsinin adlarına nəzər saldıqda Masallının Ərkivan kəndindən Şeyx Bəşir, Seybətin kəndindən Şeyx Əsədullah, Qızılavar kəndindən Şeyx Ələsgər, Boradigahdan Şeyx Məhəmməd, Babaser kəndindən Şeyx Qüdrət, Lerikin Mondigah kəndindən Molla Səməd (XIX əsrin 70-ci illərində Lənkəran qəzasında ilk dini məktəbin yaradıcısı) Şeyx Heydər, Şeyx Vahab, Perzora kəndindən Şeyx Camal, Zenoni kəndindən Şeyx Qələm (Molla Qulamrza), Veri kəndindən Mirkərim Axund, Hoveri kəndindən Molla Hüseyn, Züvüc kəndindən Molla Pişan (qeyd edək ki, Molla Pişanın babasıda Nəcəfül-əşrəfdə ali dini təhsil almışdır), Lənkərandan Hacı Məhəmməd Lənkərani, Molla Abbasqulu (çeşməkli Axund), Mirzə Məhəmmədhüseyn axund, Zövlə kəndindən Molla Baba Axund, Cil kəndindən Şeyx Qüdrət, Gərmətük kəndindən Axund Molla Yunus, Astaranın Siyətük kəndindən Şeyx Talış, Şiyəkəran kəndindən Molla Mirhaşım kimi din xadimlərini görə bilirik.

Adlarını qeyd etdiyimiz bu və ya digər din xadimləri öz dövründə daim İslamda orta yol sahibləri olmuşlar. Cəmiyyətə həqiqi islami dəyərləri təbliğ edərək, onları haqqa-ədalətə səsləmişlər. Bu alimlər sırasında bu gün də lənkəranlı ağsaqqallar tərəfindən hörmətlə yad edilən Mircavad Axund kimi tanınan Mirbabayev Mircavad Mirəli oğlu öz dəsti xətti ilə seçilmişdir. Mircavad Axundun vəfatından bir qərinə keçməsinə baxmayaraq Lənkəranda və ətraf kəndlərdə yaşlı adamlar onu müdrik, təmkinli, gözütox adam kimi indi də yad edirlər.

Tez -tez yaşlı adamlardan eşidirsən ki, “Məşədi Mircavad İslam dininin bütün tələblərinə əməl edən nadir adamlardan idi. Rəhmətə gedənin dəfni və yas mərasiminə görə pul götürməzdi”. Məşədi Mircavad Kərbəlayi Mirəli oğlu Mirbabayev 1901-ci ildə Lənkəran qəzasının Sütəmurdov kəndində anadan olmuşdur. Mircavad axund ilk təhsilini atası Kərbəlayi Mirəlidən (1850-1915) almışdır. Kərbəlayi Mirəli Lənkəran qəzasında şəriət müəllimi kimi şöhrət tapmışdır. Mircavad axund daha sonra təhsilini Lənkəran qəzasında yeləşən mədrəsədə və Mirzə Məhəmməd Hüseyn axunddan fərdi dərslər almışdır. Fəaliyyət dönəmi Sovet dövrünə təsadüf etmişdir.

Sərt repressiyalardan Allahın mərhəməti sayəsində qurtula bilmişdir. Belə ki, 1938-ci ildə “qolçomaq” adı ilə həbs edilsə də barəsində heç bir cinayət tərkibli iş olmadığı üçün azad edilmişdir. Mircavad Axund Kifayət Əziz qızı ilə ailə həyatı qurmuş bu evlilikdən 4 oğlan, 4 qız övladı dünyaya gəlmişdir. Övladları Lənkəranda tanınmış və seçilmiş ziyalılardandır. Belə ki, Hacı Mirsalam Babayev (1932-2013) uzun illər Lənkəran Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi işləmiş, böyük nüfuz sahibi olmuşdur. Müasir ləqəbi ilə 4 şeirlər kitabı çap olunmuşdur. Hacı Mirsəyyad Babayev (1935-2014) həkim- stomatoloq kimi şöhrət tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyası, Fizika İnstitutunun baş elmi işçisi Mirbaba Babayev (1947) fizika-riyaziyyat elmləri doktorudur. Mirbaba təkcə elmi işlərlə deyil, uzun illər Lənkəranın ictimai-siyasi işlərində fəallıq göstərmişdir. Mirtahir Babayev (1950) həkim- cərrah kimi çalışır. Bütün övladları kimi Mirtahir də atasının elmi-dini, mənəvi-ruhani irsini bu gün də layiqincə davam etdirir.

Mircavad Axundun bu günə qədər xatirələrdə qalmasının əsas səbəbi kimi nəcib və əxlaqi keyfiyyətlərə malik olan bir insan olması, daim kasıb və kimsəsizlərə, təhsil alan şagirdlərinə yardım əlini uzatması olmuşdur. Kəbin üçün yanına gələn şəxslərin gətirdikləri şirniyyatı yanına gələn insanlara paylayardı. Sovet dövründə məscidlərin bağlı, dini mərasimlərin qadağan olduğu bir vaxtda hər il məhərrəm ayında yaşadığı evi Allaha nəzir deyər, Aşura gününə qədər 200-300 adama ehsanlar verərdi.

Həmin mərasimlərdə İmam Hüseyn (ə) həyatı, onun Kərbəlada yaşadığı müsibətli günlər barədə söhbətlər edər, Aşura günün mahiyyəti, insanlara aşıladığı mənəvi dəyərlərdən geniş danışardı. Mircavad Axund 31 mart 1991-ci ildə vəfat etmiş, Sütəmurdov kənd qəbristanlığında dəfn edilmişdir. Ruhu şad olsun.

Samid Quliyev,

İlahiyyatçı-alim.

Əvvəlki məqalə

Hacıqabulda sel gəlmiş ərazilərdən 81 nəfər təxliyə olunub

Sonrakı məqalə

Moskvada yataqxanada güclü yanğın baş verib