DİN Bakıda mağazada qadının xəsarət alması barədə yayılan məlumata münasibət bildirilib

Mayın 16-da vətəndaş Aygün Əliyeva DİN-in “102” Xidməti-zəng mərkəzinə məlumat verərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən “Olivia” mağazasında almaq istədiyi məhsulu yoxlamaq üçün istifadə etdiyini, bu zaman satıcının qapını bağladığını və ona ödəniş etmədiyi təqdirdə mağazadan buraxmayacağını dediyini bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı açıqlamasında deyib ki, bir gün sonra vətəndaş A.Əliyeva “Facebook” sosial şəbəkəsində yuxarıda qeyd olunan hadisə zamanı xəsarət aldığını da qeyd edib.

Qeyd olunub ki, vətəndaşın müraciəti üzrə aparılan araşdırma zamanı A.Əliyevanın ərizə və izahatınının alınması üçün dəfələrlə polis şöbəsinə dəvət olunsa da o, ərizə və izahat verməkdən imtina edib: “Bu barədə protokollar tərtib edilərək materiala əlavə edilib. Vətəndaş şifahi məlumatında xəsarət aldığını bildirdiyi üçün onun barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilib, lakin həmin vətəndaş ekspertizadan keçməkdən imtina edib.

Araşdırma zamanı həmçinin mağazanın müşahidə kameralarında qeydə alınmış video görüntülərə baxış keçirilib, A.Əliyevaya mağazada olduğu müddət ərzində hər hansı bir fiziki təmas olmadığı müəyyən edilib.

Mağazada kassir işləyən Yasəmən Nəsirova izahatında qeyd edib ki, həmin gün mağazaya müştəri qismində gəlmiş A.Əliyeva üz gelini əlinə sürtərək istifadə etdiyi üçün ona ödəniş etməli olduğu izah olunub. Daha sonra həmin şəxs ödəniş etməkdən imtina edib, ona polis dəvət olunacağı bildirildikdə o, mağazanı tərk etmək istədiyi üçün onun qarşısında dayanaraq mağazanın qapısından çıxmasına mane olub, lakin həmin vaxt ona toxunmayıb. A.Əliyeva özü mağazada gözləyərək “102” xidmətinə məlumat verib, polis əməkdaşları gəlib onun ərizəsini aldıqdan sonra mağazadan çıxıb gedib”.

Fakt üzrə hazırda Xətai RPİ-nin 36-cı Polis Şöbəsində araşdırma davam etdirilir.

Əvvəlki məqalə

Gürcüstanın Hərbi Polis Departamentinin rəisi Azərbaycana gəlib

Sonrakı məqalə

Armen Qriqoryan Blinkenin müşaviri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib