Dini Liderlərin Bakı sammitinin verəcəyi “Qarabağ”MESAJI

Bu günlərdə Bakıda öz işini başa çatdırmış  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ölkəmizin ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbir oldu.

60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi Zirvə Görüşündə 4 yekun sənəd imzalandı. Bu sənədlərdə əks olunmuş bir vacib məqam Azərbaycanın daha bir sahədə əldə etdiyi uğurun təsdiqi oldu.  Sammitin sənədlərində əks olunmuş  həmin məqamı  gələn ay Azərbaycanda keçiriləcək digər mühüm bir  zirvə görüşünə aparan körpü saymaq olar.

Qoşulmayanlar Hərəkatının sammitində iştirak edən  dövlət və hökumət başçıları imzaladıqları Yekun sənəddə Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş “Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasına töhfəsini qiymətləndirdilər.

Sivilizasiyalar arasında dialoq platforması Bakının öz siyasətində prioritet verdiyi ən vacib amildir.  Gələn ay – noyabrda Azərbaycanda keçiriləcək Din xadimlərinin Bakı Sammiti  bu baxımdan özündən əvvəl keçirilmiş  Zirvə görüşünün məqsədlərini özündə əks etdirəcək mötəbər bir toplantı olacaq.

Əhəmiyyətinə görə, Qoşulmama Hərəkatının toplantısından geri qalmayacaq bu Sammit  birincidən fərqli olaraq daha böyük arealı əhatə edəcək. Bakıya Avropa da daxil olmaqla bütün qitələri təmsil edəcək nufuzlu ruhanilər gələcək. Verilən məlumatlara görə, dini liderlərin Bakı Sammitinə dəvət ediləcək şəxslərin çox böyük bir siyahısı hazırlanıb.

Ruhani liderlərin Bakı sammiti bir sıra parametrlərinə görə, unikal bir toplantıdır.  Dünyada dini şüarları siyasi “külüngə” çevirən qüvvələrin cövlan etdiyi bir vaxtda məbəd xadimlərinin Azərbaycanda toplaşması ölkəmizin bəyan etdiyi tolerantlıq siyasətinə etimadın nümayişi saymaq olar.

Bakı zirvə görüşü nə ilə mühümdür?

İlk olaraq onu vurğulamaq olar ki,  bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü və dünyada təbliğ etdiyi tolerantlıq və birgəyaşayış prinsiplərinin əyani şahidliyinə imkan yaradacaq. Müxtəlif səmavi dinləri təmsil edən ruhani rəhbərlər çoxkonfessiyalı Azərbaycanda dövlətin apardığı dini siyasəti yaxından izləyəcək, din-dövlət münasibətlərində qurulmuş əməkdaşlıq modeli ilə tanış olacaqlar. Sammit növbəti dəfə Azərbyacanın dini siyasətinin miqyaslı təqdimatına bir fürsət olacaq.

Prezident İlham Əliyevin apardığı bu kurs Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin fəal dəstəyi ilə artıq bir neçə ildir ki, ardıcıl şəkildə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təqdim olunur.  Şeyxulislam Allahşükür Paşazadənin təşkliatçılığı il ötən il İspaniya, Almaniya, Avstiryada keçirilmiş beynəlxalq konfranslar ölkəmizin bəyan etdiyi bu prinsiplərin təbliğində əhəmiyyətli rolunu oynayıb və dövlətin bununla bağlı işlərini tanıda bilib.

Bakı sammiti isə qonaqlara “evdə” vəziyyətlə tanış olmaq imkanı yaradacaq. Yüzlərlə dini rəhbərin və ictimai xadimin qatılacağı bu sammit  Azərbaycanın regionun sabit və təhlükəsiz ölkəsi olduğuna şahidlik edəcək. Bu, həmçinin dövlətimizin modern ölkə olaraq Avropaya inteqrasiyasının nümayişi baxımından vacib məqamdır.

Daha mühüm amil  Sammitdə ölkəmizin üzləşdiyi ağrılı problem – Qarabağ münaqişəsinin gündəliyə çıxarılması olacaq. Bu gün ruhani sözü dünyada münaqişələrin həlli prosesində eşidlir. Nufuzlu din xadimlərinin qanlı davalara, səbəbsiz insan itkilərinə ürəkağrısı ilə etirazı və onların həllində iştirakı bugünkü siyasi müstəvinin ön cizgilərindən biridir. Siyasi mübahisələri, ərazi iddialarını körükləyən münaqişləri dini səbəbə bağlamaq istəyən qüvvələrə qarşı humanist cəbhənin dayanması günün vacib çağırışlarına çevrilib.

Ölkəmiz də zamanında Qarabağ probelmini ərazi yox, “dini mahiyyət” daşıması barədə erməni siyasətçilərinin sərsəm iddiaları ilə üz-üzə qalıb. QMİ-nin bu sahədə apardığı ardıcıl iş münaqişənin heç bir dini motiv daşımadığını dünyaya subut edə bildi.

QMİ-nin qatıldığı bütün tədbirlərdə Qarabağ qırmızı xətlə keçib.

Bakı Sammiti də burada istisna təşkil etməyəcək. Bütün dünyadan – Vatikandan tutmuş Müqəddəs İslam ocağının yerləşdiyi ölkələrədək Bakıya gələcək nufuzlu ruhanilər birgəyaşayışın mesajlarını verəcək və münaqişəyə dini çalar vermək istəyən qüvvələri lənətləyəcəklər. Bu baxımdan belə mötəbər toplantıda Qarabağ münaqişəsi ilə bağlı sülh çağırışını eşitməməzilyə vurmaq çətin olacaq.

Nəzərə alsaq ki, sammitə Qoşulmama Hərəkatının üzv dövlətlərinin etiqad etdiyi dinləri təmsil edəcək xadimlər də gələcək, o zaman zirvə görüşünün Bəyanatları  Qoşulmama Hərəkatının qəbul etdiyi Yekun sənədinin çağırışları ilə də üst-üstə düşəcək. Bu isə  ölkəmizin mövqeyini daha da möhkəmləndirəcək.

Qoşulmama Hərəkatının sammitinin gündəliyi daha çox siyasi-iqtisadi yük daşıyırdısa, ruhanilərin Bakı zirvə görüşündə ağırlıq daha çox humanitar məsələlərin üzərinə düşəcək. Səmavi dinlərin nümayəndələri Ermənistanın işğal etdiyi torpaqlarımızda din və mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizmin şahidi olacaq, əsir və girovlar din xadimlərinin diqqətinə çatdırılacaq.

Odur ki, Dini liderlərin Bakı Sammitinin  uğurlu nəticələrlə yadda qalacağına ümid etmək olar.

Sammitdə “Qarabağ üçün sülh” çağırışları Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiqi və münaqişənin həlli üçün iradəsinin nümayişinə çevriləcək.

Modern.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan ABŞ-a nota verəcək

Sonrakı məqalə

Avtovağzalda gecə reysləri açılıb