Dövlət büdcəsindən siyasi partiyalara iki aylıq maliyyə yardımı verilib

C

Bu il dövlət büdcəsində nəzərdə tutulan 4 milyon manat vəsaitdən siyasi partiyalara maliyyə yardımı verilməsinə başlanıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, “Siyasi partiyalar haqqında” qanunda əksini tapan siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması qaydasına əsasən, 2020-ci il dövlət büdcəsində partiyalar üçün nəzərdə tutulan vəsaitdən parlamentdə təmsil olunan partiyalar üçün 2 aylıq – yanvar və fevral ayları üçün vəsait ayrılıb və vəsaitlərin verilməsinə başlanıb. Quliyev deyib ki, adətən, öncədən büdcədə siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitlər hər il rübün əvvəlində 3 aylıq olaraq ödənilib. Bu il növbədənkənar parlament seçkiləri ilə əlaqədar isə 3 aylıq deyil, 2 aylıq vəsait öncədən ayrılıb: “Çünki növbədənkənar seçkilər olduğu üçün seçkilərdə həmin partiyaların nümayəndələrinin yenidən parlamentə seçilib-seçilməyəcəyi bilinmir. Fevral ayında isə hələ V çağırış Milli Məclisin deputatlarının fəaliyyəti davam edəcək. Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi yeni parlamentin tərkibini təsdiqləyənə qədər də deputatlar fəaliyyətdədir. Ona görə də Milli Məclisdə təmsil olunan partiyalar üçün yanvar və fevral ayları üçün vəsaitlər ayrılıb. Yanvarın əvvəlindən başlayaraq fevralın sonuna qədər parlamentdə təmsil olunan partiyalar müraciət edərək vəsaitlərini ala bilər”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də açıqlamasında Milli Məclisdə təmsil olunan partiyalara büdcədən ayrılan vəsaitin 2 aylıq hissəsinin verilməsinə başlanıldığını söyləyib: “Partiyamız parlamentdə bir nəfərlə təmsil olunur. Keçən il partiyamıza vergi ilə bir yerdə illik 117 min manat köçürülürdü. Biz təklif edirdik ki, partiyalar vergidən azad edilsin, ancaq belə qərar qəbul edilmədi. Yeni parlament formalaşandan sonra da parlamentdə təmsil olunan partiyalara düşəcək vəsait yenidən müəyyənləşdiriləcək”.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində siyasi partiyalara 4 milyon manat maliyyə yardımı nəzərdə tutulub. “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməlidir. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Dövlət büdcəsindən ayrılan vəsait rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür.

Ancaq V çağırış Milli Məclisə seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, ancaq parlamentdə təmsil olunmayan siyasi partiyalar qeydə alınmayıb. Kərimli bildirib ki, keçmişdə olduğu kimi, indi də həmin vəsait büdcədə olduğu kimi saxlanılır: “Əgər həmin vəsait parlamentdə təmsil olunan siyasi partiyalar arasında bölünmürsə, parlamentdə təmsil olunan partiyalar arasında bölünməsi yaxşı olardı. Ancaq bu addım da atılmayıb, o vəsait sərbəst saxlanılır ”.

Xatırladaq ki, V çağırış Milli Məclisdə 12 siyasi partiya təmsil olunur. 125 deputatdan 74 nəfəri Yeni Azərbaycan Partiyası (YAP), 2 nəfər Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Ana Vətən, Demokratik İslahatlar, Demokratik Maarifçilik, Sosial Demokrat, Sosial Rifah, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Vəhdət, Vətəndaş Birliyi isə Milli Məclisdə 1 nəfərlə təmsil olunur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Konqresində 20 yanvarla bağlı bəyanat verildi:

Sonrakı məqalə

İranda yenə də avtobus aşdı-