Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verildi- Zakir İsmayılov hansı əməlləri törədib?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovanın barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

“Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.İsmayılov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Z.İsmayılov 19 il, N. İsmayılova isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayəti, Hərbi prokuror Xanlar Vəliyev də apellyasiya protesti verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Z.İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib.

Z.İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Araşdırmalar zamanı onun həyat yoldaşı N.İsmayılovanın da bu cinayətdə iştirakçılığı müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran prezidenti koronavirusdan danışdı:

Sonrakı məqalə

Rusiya XİN başçısı: