Doyunca yatmamaq sağlamlığa mənfi təsir edə bilər

Bir çox insanlar doyunca yatmırlar və düşünürlər ki, həftə sonu kifayət qədər yata biləcəklər. Lakin bu belə deyil. Yuxunun kifayət qədər olmaması sağlamlığa mənfi təsir göstərə bilər.

Yaxşı və sağlam yuxudan daha yaxşı nə ola bilər? Bəs kifayət qədər yuxu almadığınız zaman bədəninizdə nə baş verir? Bir neçə yuxusuz gecənin əhəmiyyəti varmı?

Orta hesabla, böyüklər üçün gecə yuxusu 7-9 saat, uşaqlar üçün 12 saat, yeniyetmələr üçün isə 9 saat təşkil edir. İnsan orqanizmi yuxu üçün ayrılan vaxtdan immun sisteminin gücləndirilməsi, toplanan məlumatın emal edilməsi və yeni günə başlamazdan əvvəl yenidən işə başlamaq üçün istifadə edir. Yuxusuz qaldıqda bütün bu və bir çox digər funksiyalar pozulur.

İnsan orqanizmində yuxu yetərsizliyi səbəbindən bunlar baş verir:

İmmun sisteminin zəifləməsi. İnsanın immun sistemi bədəni infeksiyalardan və xəstəliklərdən qorumağa həmişə hazır olan bir ordunu xatırladır. Ordu kimi, immun sisteminizə də müdafiəni gücləndirmək üçün vaxt lazımdır. Siz yatdığınız zaman immun sistemi infeksiya ilə mübarizə aparmağa kömək edən anticisimlər və tsitokinlər kimi maddələr yaradır.

Ürək problemləri. Ürək-damar xəstəliklərinə gəlincə, qısamüddətli və ya uzunmüddətli yuxu ürəyinizə mənfi təsir göstərə bilər. Hər gecə 5 saatdan az və ya 9 saatdan çox yatdıqda, ürək xəstəliyi, insult riskini artırırsınız.

Yüksək şəkərli diabet xəstəliyi riski. Yuxu yetərsizliyi, həmçinin orqanizm tərəfindən kifayət qədər insulin — qanda şəkərin səviyyəsini aşağı salan hormonun istehsal edilməsinə mane olur. Bu, şəkər səviyyəsinin kəskin sıçrayışına səbəb ola bilər ki, bu da 2 tip şəkərli diabetin inkişaf riskini artırır.

2015-ci ildə aparılan araşdırmada alimlər insulin səviyyəsini normal saxlamaq üçün 7-8 saat yuxunun kifayət etdiyi qənaətinə gəliblər.

Düşüncə ilə bağlı problemlər. Əgər kifayət qədər yuxu almırsınızsa, zehniniz ilə bağlı problemlər yarana bilər. Yaddaş, problemləri həll etmə bacarıqları və hətta yaradıcılıq qabiliyyəti yalnız bir gecəlik yuxusuzluq səbəbindən çox zəifləyə bilər.

Çəki artımı. Gecə saatlarında qəlyanaltı etmək normal olsa belə, yuxusuzluq gecə saatlarında qəlyanaltıların adi hala çevrilməsinə səbəb ola bilər.

Yuxu çatışmazlığı beynin aclıq və toxluq hisslərinə nəzarət edən hormonların istehsalına təsir edir. Yuxu yetərsizliyi leptin (beyninizə tox olduğunuzu bildirən hormon) səviyyəsinin aşağı düşməsinə və qrelin (aclıq hissinə səbəb olan hormon) səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da yatmazdan əvvəl qəlyanaltı etmək lazım olduğuna gətirib çıxarır. (medical.ru)

Əvvəlki məqalə

Litva, Latviya, Estoniya və Polşa prezidentləri Kiyevə yola düşüb

Sonrakı məqalə

Koçaryanın və Sarkisyanın deputatları Xankəndinə buraxılmayıb –