Azərbyacan Milli Məclisinin sabiq sədri İsa Qəmbər Milli Təhlükəsizlik Nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin “Azadlıq” radiosuna verdiyi müsahibəsinə reaksiya verib.
Azpost.info-nun məlumatına görə, İsa Qəmbər Azad TV-yə müsahibəsində deyib ki, 4 iyun 27 aprelin davamıdır: “O zaman dünya başqa idı. İşğalı klassik formada həyata keçirə bilmədilər. Xalqın seçdiyi hakimiyyəti uzaqlaşdırıb onun yerində Moskvayla bu və yə başqa ölkədə hesablaşan qüvvələri hakimiyyətə gətirdilər. Bir çoxları bunu unudurlar, ya unutmuş kimi göstərirlər. 4 iyunla bağlı danışanda nə bu qiyamın təşkilatçıları, ideya sahibləri Rusiya KGB-ni, hakim dairələri, onlara dəstək İran rejimini qeyd etmirlər. Nə də ki bu qiyamda iştirak edən, dəstək verən Azərbaycan vətəndaşlarının adlarını çəkmirlər”.
İ.Qəmbər qeyd edib ki, qiyamçı tək Sürət Hüseynov deyildi: “Axı kim də bilməsə Sülhəddin Əkbər bunların hamısını yaxşı bilir!. Amma sən bu qiyamı həyata keçirən qüvvələr haqqında bir kəlimə söz demirsən, əksinə bəzi başqa məsələlərdə dolayısıyla onlara bəraət qazandırırsan. Üstəlik də xalqın iradəsiylə formalaşmış milli demokratik hakimiyyətə hücumlar edirsən. Bu məqbul mövqe deyil. Bir siyasətçiyə, özünü milli demokratik dəyərlərə bağlı elan siyasətçilərə yaraşan bir yanaşma deyil”.
Sabiq spiker vurğulayıb ki, faktiki olaraq hədəfə Əbülfəz Elçibəyi gətirib: “Bu da heç bir şəkildə yol verilən bir hal olmamalı idı. Elçibəyi guya Rusiyaya bağlı adam kimi təqdim etmək heç bir şəkildə həqiqətə uyğun deyil. Bu çox böyük hörmətsizlikdir. Bu hamımıza hörmətsizlikdir”.