“Elçibəy barədə deyilənlər cəfəngiyyatdır, bütün ideyaları özü verirdi” –Fərəc Quliyev

“Elçibəy haqqında deyilənlərin hamısı cəfəngiyyatdır. Bütün ideyalar onun özündən gəlirdi. Bəziləri baş verən məğlubiyyətlərdə olan bacarıqsızlıq paylarını Elçibəyin üzərinə yıxmağa çalışır”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sabiq sədri Fərəc Quliyev “Bakı-Xəbər” qəzetinə MTN-nin sabiq nazir müavini Sülhəddin Əkbərin “Azadlıq” Radiosuna verdiyi müsahibəsinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, həmin hakimiyyətdə təmsil olunmasa da, Elçibəyi daim müdafiə edib:“ Hər kəs bilir ki, Elçibəy dünyasını dəyişənə qədər mən onun yanında olmuşam. Bunu hər kəs bilir. O, dünyasını dəyişəndən sonra heç kimin yanında olmamışam.

Bu o deməkdir ki, həmin vaxt baş verən proseslərin hamısından xəbərdar olmuşam.

F.Quliyev deyib ki, Sülhəddin Əkbərin dediklərinə Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovun verdiyi açıqlamalar onu tamamilə qane edib: “Son vaxtlar qəribə dəb düşüb. O dövrdə ortada görünməyənlər, yaxasını kənara çəkənlər, savaşa girməyənlər həm özlərinə bəraət axtarır, həm də baş verən bəzi hadisələri adlarına çıxıb özlərini qəhrəmanlaşdırmaq istəyirlər. Tamamilə mənasız ssenarilər quraşdırıb, sonra özləri də ona inanmağa başlayırlar. Məsələn, Mehri məsələsi ilə də bağlı Sülhdəddin bəyin dedikləri həqiqəti əks etdirmir. Həmin məsələ müzakirə olunanda İsgəndər Həmidovla Rəhim Qazıyev Naxçıvana gəldi, biz orda görüşüb müzakirə aparmışıq. Elə həmin gün gözlənilmədən Pirəşüküldə silah anbarlarından birində partlayış baş verdi və onlar geri qayıtdı. Bizim şanlı hərəkat tariximizin üstünə toz-torpaq atmaqla onu basdırmaq mümkün deyil.

 Onun sözlərinə görə,indi Sərhəd Hərəkatını da bəziləri öz adı ilə bağlamaq istəyir: “Məsələn, Nemət Pənahlı. Halbuki, Nemət Naxçıvan ərazisinə keçəndə sərhəd artıq sökülmüşdü. Tarixi keçmişi qurdalamaqdan daha çox, ölkənin gələcəyini düşünmək lazımdır”.

F.Quliyev vurğulayıb ki, Elçibəyin heç vaxt kiminsə müdafiəsinə ehtiyacı olmayıb. Onun əsl qiymətini xalq verib.

Xatırladaq ki, Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə Milli təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbər son müsahibəsində bir sıra maraqlı və diqqətçəkən açıqlamalar verib.

Həmin açıqlamalar onun KQB arxivlərinin açılması, AXC rəhbərliyindəki şəxslərin bəzilərinin Rusiya xüsusi xidmət orqanlarının agenti olması və digər məsələlərlə bağlı fikirlərini əhatə edir. Sülhəddin Əkbər bildirib ki, o hakimiyyətdə yüksək post tutan şəxslərin KQB agentləri olması ilə bağlı faktları o vaxtkı prezidentə təqdim etsə də, Elçibəy arxivlərin açılmasına razılıq verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəkinin küçələrində yenə ayı göründü –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi