“Elçibəyin Bakını tərk etməsi səhv idi…Rövşən Cavadovu DİN-ə Rəsul Quliyev təyin etdirdi” –Sabiq daxili işlər naziri Abdulla Allahverdiyev danışdı

Azərbaycanın sabiq daxili işlər naziri Abdulla Allahverdiyev uzun illərdən sonra 4 iyun Gəncə qiyamı ilə bağlı müsahibə verib.

Azpost.info bildirir ki, “Çətin sual” proqramına danışan sabiq nazir bir sıra maraqlı məqamlara toxunub. Qeyd edək ki, general Abdulla Allahverdiyev 1993-cü ildə DİN-ə rəhbərlik edib.

Sabiq nazir deyib ki, hər il iyun qiyamı ilə bağlı gedən müzakirələri izləyir.

 

“Pənah Hüseyn qiyamın yatırılmasına necə başçılıq edə bilərdi?”

O, eks-baş nazir Pənah Hüseynin qiyamın yatırılması ilə bağlı verdiyi bir sıra açıqlamalarla razı olmadığını vurğulayıb: “Pənah Hüseyn bildirir ki, Gəncə qiyamının yatırılması üçün aparlan əməliyyatın siyasi rəhbərliyini o həyata keçirib. O necə rəhbərlik edirdi ki, iyun qiyamından 2 gün sonra istefa verdi. Hökümət başçısı istefa verəndən sonra bütün hökümət istefada sayılır. Mən də DİN naziri kimi səlahiyyətlərimi yerə qoymalı idim. O necə siyasi işə rəhbərlik edə bilərdi? O başqa işə rəhbərlik edirdi”.

A.Allahverdiyev deyib ki, ondan əvvəlki nazir İsgəndər Həmidov Bakı Neft Emalı zavodunda dövlət əmlakının dağıdılması ilə bağlı direktor Rəsul Quliyevə cinayət işi açmışdı: “Pənah Hüseyn isə haqqında cinayət işi qaldırılmış Rəsul Quliyevi gətirib baş nazirin müavini vəzifəsini vermişdi. Belə hallar DİN-in nufuzuna zərbə vururdu”.

 

“Rövşən Cavadovu DİN-ə müavin Rəsul Quliyev təyin etdirdi”

 Onun sözlərinə görə, o zaman Rövşən Cavadovun rəhbərlik etdiyi OMON-da DİN-ə tabesizlik göstərir, ciddi problemlər yaradırdı: “”OMON” SSRİ DİN naziri Bakatinin dövründə yaradılmışdı. Mərhum Məhəmməd Əsədov DİN rəhbəri olan min nəfərlik OMON yaradıldı. Ona da çox bacarıqlı zabit olan polkovnik Əbil Hüseynov rəhbər təyin edilmişdi. Əsədov vəzifədən getdikdən sonra onun yerinə gəlmiş digər nazirin vaxtında Ali Sovet sədrinin birinci müavini Tamerlan Qarayev həmin OMON dəstəsini öz təsiri altına saldı. DİN nazirinin özünə yaxın olmasından istifadə edərək Tamerlan Qarayev Rövşən Cavadovu OMON-a komandir təyin etdirdi. Qardaşı Mahir Cavadov da Xətainin prokuroru işləyirdi. Onlar gəlib İsgəndər Həmidovun kabinetində atəş açdılar, zabiti yaraladılar. O zaman mən Bakı şəhər Baş Polis İdarəsinin rəisi idim. Getdim ora, keçdim içəri. Qardaşı hədə-qorxu gəlirdi ki, buranı qumbara ilə partladaram. Mən tələb etdim ki, onun haqqında cinayət işi qaldırılsın. 3 gündən sonra OMON-un komandiri Rövşən Cavadov daxili işlər nazirinin müavini təyin olundu. Rövşəni də bu vəzifəyə Rəsul Quliyev təyin etdirdi. Bundan sonra OMON artıq nazirliyin nəzarətindən çıxdı”.

 

“Sürət Hüseynovun təcrid edilməsi MTN-nin xüsusi dəstəsinin komandiri Vladimir Məcidova tapşırılmışdı”

 A.Allahverdiyevin sözlərinə görə, həmin dövrdə Gəncədə vəziyyətin gərgin olduğunu biliblər: “Gəncədə polis rəisi baş nazirin müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov idi. O, Sürət Hüseynovun təsiri altına düşmüşdü. Mən onu vəzifədən azad etdim. Yerinə əvvəl Laçın rayonunun milis rəisi olmuş Hacıağa Həsənovu təyin etdim. Rövşən Cavadova göstəriş verdim ki, gedin onu kollektivə təqdim edin. O gedib qayıtdı Yevlaxa. Oradan mənə zəng vurdu ki, Gəncədə şəxsi heyət təzə rəisi qəbul etmir. Mən göstəriş verib onu geriyə qaytardım və rəisi təyin etdirdim. Bundan sonra gördüm ki, Rövşən Cavadov DİN-ə yox başqa tərəflərə xidmət edir”.

A.Abdullayev Gəncə qiyamının rəhbəri Sürət Hüseynovun təcrid edilməsi üçün hazırlanmış əməliyyatla bağlı da danışıb: “Sürət Hüseynovun təcrid edilməsi MTN-nin xüsusi dəstəsinin komandiri Vladimir Rəşid oğlu Məcidova tapşırılmışdı. Vladimir Məcidov keçmiş Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati orqanlarla iş şöbəsinin müdiri Rəşid Məcidovun oğlu idi. Atası çox ləyaqətli kişi olub. Oğlu Sürət Hüseynovun təcridi ilə bağlı verilən tapşırığı icra etmədi. Sürət hərbi hissəyə gəldi və vəziyyəti daha da gərginləşdirdi”.

A.Allahverdiyev deyib ki, iyun hadisələri zamanı DİN-ə asayişin təmin olunması tapşırılıb: “Şəxsi heyəti Gəncədə asayişin təmin olunmasını çox yaxşı təmin etdi. Bir mülki vətəndaş belə zərər çəkmədi. Qiyamın yatırılması üçün Gədəbəydən, Samuxdan, Göygöldən, Bakıdan kifayət qədər şəxsi heyət asayişin bərpasına cəlb edilmişdi. Polisin hərbi hissəyə daxil olması qanunla qadağandır. Prezident də mənə belə bir göstəriş verməyib”

Sabiq nazir deyib ki, o zaman daxili qoşunların komandanı və birinci müavin Gəncədə idilər. Amma onlar da nədənsə gedib MTN-nin binasına sığınmışdılar.

“Elçibəy qiyamın yatırılması üçün əlindən gələni edirdi”

 A.Allahverdiyev prezident Əbülfəz Elçibəyin qiyamla bağlı tutduğu mövqeyi barədə danışıb: “Elçibəy qiyamın yatırılması üçün əlindən gələni edirdi. Qiyamın qarşısı demək olar ki, alınmışdı. Bir qədər tələsikliyə yol verilməsəydi, iyunun 17-də prezident Elçibəy Bakını tərk etməsəydi, heç bir qorxulu iş də yox idi. Hər şey də yerini alacaqdı. Fikrimcə, Elçibəyin Bakını tərk etməsi böyük səhv idi”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Vətən müharibəsində şəhid olmuş hərbçilərin yeni siyahısı açıqlandı –