“Elman Rüstəmovun çıxarılması sürpriz qərar oldu” –NATİQ CƏFƏRLİ

“Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması sürpriz qərar oldu”.

Bu barədə Azpost.info-ya iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert xatırladıb ki, iki il əvvəl Elman Rüstəmovun təyinatı yenilənib və hazırda onun çıxarılması üçün hər hansı səbəb yoxdur: “İndiki dövrdə hansısa ciddi makroiqtisadi çətinliklər də yoxdur. Neftin qiymətinin yüksək olması, ölkənin gəlirlərinin artması, devalvasiya təhlükəsinin sovuşması və s. makroiqtisadi göstəricilərdə sabitliyin hökm sürdüyünü göstərir. Bu baxımdan, Elman Rüstəmovun çıxarılmasına hansısa səbəb tapa bilmirəm. Ona görə də açığı mənim üçün sürpriz qərar oldu. Güman ki, gələcəkdə bunun əsl səbəbləri üzə çıxa bilər”, – deyə Natiq Cəfərli bildirib.

Ekspertin fikrincə, Elman Rüstəmovun əvəzlənməsi ilə Mərkəzi Bankın fəaliyyətində hansısa dəyişikliklərin olacağını düşünmək hələ tezdir: “Mərkəzi Bankın fəaliyyətində ciddi dəyişikliklərin olması üçün iqtisadi sistemin özündə də ciddi dəyişiklik olmalıdır. Mərkəzi Bank iqtisadi sistemin tərkib hissəsidir. Bizdəki iqtisadi sistem isə primitivdir. Yəni, neft-qaz gəlirləri üzərində qurulub. Burada Mərkəzi Bankın görə biləcəyi işlər çox azdır. Ona görə də rəhbərliyin kim olması deyil, hansı iqtisadi sistemin tətbiq ediləcəyi daha maraqlıdır. Bu dəyişiklik daha liberal və daha açıq bir iqtisadi modelə keçid üçün nəzərdə tutulubsa, o zaman Mərkəzi Bank yox ümumilikdə iqtisadi sistemdə ciddi dəyişikliyə ehtiyac var ki, Mərkəzi Bank öz funksiyasını yerinə yetirə bilsin. İndiki iqtisadi sistem dəyişməyəcəyi təqdirdə Mərkəzi Bankın rəhbərliyində kimin təmsil olunmasından asılı olmayaraq qərarvermə mexanizmləri eyni qalacaq”.

Azpost.info

Əvvəlki məqalə

“Qərbin Rusiyaya qarşı blitskriqi baş tutmadı” –

Sonrakı məqalə

“PAŞA Bank”a müvəqqəti rəhbər təyin edilib