“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası martın 31-nə təyin edilmiş yerli seçkilərdə qələbəyə köklənib”.
Azpost.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan 50-dən artıq şəhərin bələdiyyə sədrliyinə namizədlərin təqdimat mərasimində bildirib.
Ərdoğan 1994-cü ildə bələdiyyə sədri seçkilərində qazandığı qələbəni xatırladaraq, “30 il əvvəl İstanbulda başladığımız xalqımıza xidmət yolunu davam etdirəcəyik” deyib.
“Məqsədimiz təkcə bələdiyyə seçkilərində inamlı qələbə qazanmaq deyil, həm də müxalifətə şəhərlərimizin real idarəçiliyinin nə olduğunu göstərməkdir”, – Türkiyə prezidenti bildirib.
Ərdoğanın sözlərinə görə, partiyası seçki strategiyasını yanvarın 30-da açıqlayacaq.
Ərdoğan hakim partiyadan Ankara bələdiyyə başqanı namizədini təqdim edib. Bu post uğrunda Türkiyənin Keçiören bələdiyyəsinin hazırkı rəhbəri Turqut Altınok mübarizə aparacaq.
Qeyd edək ki, AKP-nin İstanbuldan bələdiyyə başqanı namizədi keçmiş ekologiya və şəhərsalma naziri Murat Kurumdur.
Azpost.info