Erkən nikahların cəmiyyət üçün fəsadları

 Azərbaycanda erkən nikahla bağlı problem hər zaman diqqətçəkən mövzulardan olub.

Bu məsələ barədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir çox hallarda valideynlərinin təzyiqi, ailədə sosial vəziyyətin ağırlığı və digər səbəblərdən baş verir.

Sosial Tədqiqatlar Mərkəzininin araşdırmasında deyilir ki, 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir.

STM-in ekspertlərinin fikrincə, erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.

Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada – Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar.

Azərbaycan qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyada müəyyənləşdirilmiş son həddir.

Azərbaycanda erkən nikahlarlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparıb. Bakı, Abşeron, Quba, Lənkəran və Ağstafa bölgələrində Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunub.

Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb.

Dövlət Statistika Komitəsinin (DSK) saytında yerləşdirilmiş məlumata əsasən, 2007-2017-ci illərdə Azərbaycanda 27.847 qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür.

Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “Demoqrafiya və sağlamlıq sorğusu, 2011” yekun hesabatında qeyd olunur ki, ümumilikdə Azərbaycanda yeniyetmələrin 5.9 faizi uşaq doğmuş və ya hamilədir. Diri doğuşu olmuş və ya ilk uşağına hamilə qalmış qadınların faiz nisbəti gözlənildiyi kimi yaşın artması ilə sürətlə yüksəlir: bu göstərici 15 yaşlı qadınlar arasında 1 faizdən aşağıdır, 19 yaşlı qadınlar arasında isə 13.4 faizə çatır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva açıqlamasında onları narahat edən problemlərdən birinin məhz erkən, qohumlar arasında bağlanan nikahlar olduğunu vurğulayıb.

Onun sözlərinə görə, erkən nikahların sayının azalmasına, çalışılmasına, bunun üçün maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, Azərbaycanda erkən nikah hələ də aktual problemlərdən biri olaraq qalır.

Aynur Sofiyevanın sözlərinə görə, erkən nikahların baş verməsi qızların təhsildən yayınmasına, bir çox hallarda ailələrdə münaqişələrə, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə,  boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Aynur Sofiyeva bildirib ki, dövlət komitəsi tərəfindən layihəsi hazırlanan və Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiqlənən “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası bu istiqamətdə görülən işlərə təkan verir.

Bu qaydada gənclər arasında erkən və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının funksiyaları müəyyən edilib.

Komitə tərəfindən erkən, qohumlar arasında nikahın mənfi nəticələrinə dair araşdırmalar aparılır. Həyata keçirilən işlərin nəticəsi olaraq, bu  göstəricinin ildən-ilə azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı 1 nəfər olub. 2020-ci ildə isə gəlinlərin sayı 165-ə enib. Bundan əlavə, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə 2320, 2020-ci ildə isə 1917-dək azalıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, müsəlman dövlətlərində bu problem qabarıq şəkildə nəzərə çarpır. Deputat hesab edir ki, bir sıra hallarda erkən nikahlar dini kəbinlə pərdələnir. Bu isə ciddi məsələdir. “Hazırda ölkəmizdə yalnız müvafiq icra orqanlarında bağlanılan nikahlar qanuni sayılır, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır.

Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir və bütün məsələlərin həlli qanunvericilikdə öz əksini tapıb.  Deputat hesab edir ki rəsmi nikahı olmadan isə dini kəbinin kəsilməsi yolverilməzdir.

C.Məmmədov bildirib ki, erkən nikah probelmində məsuliyyəti eyni zamanda valideynlər daşıyır. Qızların təhsildən uzaqlaşdırılması, ərə verilməsinin fəsadları isə illər sonra özünü büruzə verir. Deputatın fikrincə, belə hallarda əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir. “Erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir”.

Sosiloqlar da texnoloji innovasiyalar dövrü adlandırılan XXI əsrdə erkən nikahların hələ də problem olaraq qalmasından narahatdırlar. Ekspertlərin fikrincə, adət-ənənələr adı altında pərdələnmiş stereotiplər bu cür hallara səbəb olur. Sosiloqlar erkən nikahlara yol açan amillər sırasında ailələrin aşağı təhsil və ümumi mədəniyyət səviyyəsini qeyd edirlər.

Erkən nikahların uşaq hüquqlarının pozulmasından məişət zorakılığına, doğuş zamanı ana-uşaq ölümlərindən fiziki-psixoloji çətinliklər kimi çox geniş spektri əhatə edən ciddi fəsadları mövcuddur. Hər şeydən əvvəl erkən nikahlar bu akta sövq olunan yetkinlik yaşına çatmamış qızların, istərsə də oğlanların normal və sağlam inkişafının qarşısını alır.

Xüsusilə yetkinlik yaşına çatmamış qızlar bu növ nikahlara sövq olunaraq təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Beləliklə də hər hansı bir peşəyə yiyələnə bilmirlər. Bu isə o deməkdir ki, onlar gələcəkdə ortaya çıxa biləcək boşanma, cütlərdən birinin vəfat etməsi kimi problemlər qarşısında iqtisadi cəhətdən zəif vəziyyətə düçar olacaqlar.

Erkən nikahlarla mübarizədə ən əsas şərtlərdən biri bu sahədə fəaliyyət göstərən dövlət qurumları və QHT-lər arasında düzgün koordinasiyanın təmin olunmasıdır.

Ölkəmizdə qeydə alınan erkən nikahlar real mənzərəni təsvir etmir. Çünki çox zaman ailələr bu cür evlənmələri gizli saxlamağa üstünlük verirlər. Erkən nikah faktı çox vaxt şəxsin 18 yaşı tamam olduqdan sonra sənəd üçün rəsmi orqanlara müraciəti zamanı, yaxud dünyaya körpə gələrkən  məlum olur.

Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır.

Bundan başqa, bu sahədə qanunun aliliyi və işləkliyi təmin edilməlidir. Qızların təhsildən yayındırılaraq ərə verilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət və inzibati məsuliyyəti qanunvericilikdə öz əksini geniş tapmalıdır.

Cinayət Məcəlləsi ilə yanaşı, Mülki və Ailə məcəllələrində, həmçinin “Təhsil haqqında” Qanunda xüsusi hüquqi məsuliyyət müəyyən edən və erkən nikahların qarşısını alan maddələr öz əksini tapmalıdır. Həmçinin vətəndaş məsuliyyəti artırılmalı, erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında məktəblərdə mütəmadi təlimlər keçirilməlidir.

Qızlar erkən yaşlarda bioloji cəhətdən ana ola bilsələr də, analıq hissinin, analığın nə olduğunu tam dərk edə bilmirlər. Bu səbəbdən də çox zaman erkən ailə quran qızlarda övlalarına qarşı biganəlik müşahidə olunur. Aparılan araşdırmalar sübut edir ki erkən yaşlarında ailə quran qadınların 53 faizində psixoloji problemlərlərlə üz-üzə qalma riski daha çoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 176-cı maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə iki min manatdan üç min manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Həmin maddənin ikinci bəndində isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, CM-də açıq cəzalar müəyyənləşdirilib.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Azərbaycan Ordusu strateji nöqtələri nəzarətə götürüb

Sonrakı məqalə

“Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ABŞ-a sərf edir”-