Ermənistanda hökumət əleyhinə aksiyalar davam edir

05 Dekabr 2020 - 20:44

Bu gün Ermənistanda “Vətənin xilası” hərəkatının kütləvi aksiyası keçirilib. Aksiya iştirakçıları başda hərəkatın rəhbəri Vazqen Manukiyan olmaqla baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

Yerevanın mərkəzində təşkil olunan aksiyadan sonra insanlar hökumət bağına tərəf hərəkət ediblər. Onlar N. Paşinyanyanla bağda görüşüb ona mitinqin bəyanatını təqdim ediblər. Bəyanatda N. Paşinyana 3 gün müddətində qərar qəbul edib istefa verməsi təklif olunub, əks təqdirdə kütləvi aksiyaların dayanmayacağı bildirilib.

News.am saytının yazdığına görə V. Manukiyan mitinq zamanı jurnalistlərə söyləyib ki, N. Paşinyan 2, 5 ildə elə yanlış işlər görüb ki, onları düzəltmək üçün illər lazım olacaq. Onun siyasəti Ermənistanı diz çökdürdü.

Qeyd edək ki, Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət pozulub. Yerevanda hər gün kütləvi tədbirlər keçirilir və baş nazirin istefası tələb olunur.