Ermənistanın Qarabağda əcnəbi terrorçulardan istifadəsinə dair hesabat BMT Baş katibinə ünvanlanıb

09 Dekabr 2020 - 13:02

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistanın Azərbaycana qarşı son hücumlarında əcnəbi terrorçulardan istifadə etməsi ilə bağlı hesabatı BMT Baş katibinə ünvanlayıb.

Hesabatda bildirilib ki, Ermənistan hökuməti əcnəbi terrorçuları Azərbaycana qarşı terror və döyüş əməliyyatlarına hazırlamaq üçün onları işğal altında olan ərazilərdə yaşayış yeri, təlim və maddi-texniki təchizatla təmin edib.

Diqqətə çatdırılıb ki, PKK və ASALA terror təşkilatlarının təlimatı ilə bu terrorçular üçün təlim düşərgələri təşkil olunub. 

Hesabatda qeyd olunub ki, Ermənistanın 27 sentyabr 2020-ci il tarixində növbəti təcavüz aktını törətməsindən dərhal sonra əcnəbi terrorçuların köçürülməsi daha da sürətlənib.

Hesabatda kəşfiyyat və media mənbələrindən əldə olunan fakt və məlumatlar əksini tapıb.

BMT Baş katibinə ünvanlanan hesabatda Ermənistan tərəfindən döyüşlərə cəlb olunan əcnəbi terrorçuların adları, hansı təşkilat və qruplardan olması, onların hansı ölkələrdən gətirilməsi, təlim və yerləşdimə prosesi, bu terrorçulara ödənilən ödənişlərlə bağlı faktlar və məlumatlar yer alıb. (APA)