“Ermənistanla sərhəddə olan bir çox mövqelərimiz 1,7 km irəli çıxarılıb” –

Sərhəd Qoşunlarının sabiq Komandanı
15 Aprel 2020 - 18:11

 “Cavab tədbirləri nəticəsində, Qazax rayonundakı dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimiz 1,5-1,7 km irəli çıxarılıb və bu da bizə yaxınlıqdakı yaşayış məntəqələrinin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa imkan verib”.

Azpost.info bildirir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov bu vəzifəni icra edərkən  “Azeri Defence” jurnalına müsahibəsində bildirib.

Komandan son aylarda həmin ərazilərdə müşahidə olunan gərginliklə bağlı danışıb:  “Açıq söyləmək istərdim. Bunun əsas səbəbi Ermənistan silahlı bölmələri tərəfindən sərhədboyu ərazidə təxribatlar törətmək cəhdlərinin davam etməsi, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkməyə çalışması olub. Bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Düşmənin təxribat cəhdləri neytrallaşdırılıb və düşmən üzərində strateji üstünlük əldə olunub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün əlavə imkanlar yaradıb”.

Komandan qeyd edib ki, düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb: “Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün yolların çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınlarına atəş açılıb”.

Ə.Xəlilov deyib ki, təmas xəttinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına həvalə edilmiş hissəsində şəxsi heyətin, əhalinin və sərhədboyu yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması üçün zəruri addımların atılması davam etdirilir.

Qeyd edək ki, general-leytenant Əsgər Xəlilov fevral ayının sonlarında Prezident İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdən istefaya buraxılıb.