Etibar Məmmədov daha AMİP sədrliyinə qayıtmayacaq –Beş min üzvün sənədləri hazırlanır

C

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşma istiqamətində müvafiq işlər görür.

Bu barədə Azpost.info-ya AMİP sədri Arzuxan Əlizadə bildirib.

“Qanun qəbul edilməmişdən əvvəl Milli Məclisdə keçirilən müzakirələrdə AMİP olaraq biz də iştirak etmişik. İrad və təkliflərimizi diqqətə çatdırmışıq. Biz  yeni qanuna uyğunlaşmaq, xüsusilə, qeydiyyat üçün 5000 üzvün anket məlumatlarının reyestrə təqdim edilməsi istiqamətində iş aparırıq. Bununla bağlı yerli təşkilatlarımıza müvafiq tapşırıqlar vermişik. Partiyanın Mərkəzi Şurasının geniş tərkibdə iclası keçirilib. Qısası, qanuna uyğunlaşmaq üçün problemimiz yoxdur”, – deyə AMİP sədri bildirib.

Arzuxan Əlizadə AMİP-in hansısa partiyaya birləşmək niyyətinin olmadığını deyib. Eyni zamanda məlum olub ki, AMİP-ə birləşmək üçün də müraciət olunmayıb. “Belə bir müraciət olarsa, partiyanın ali orqanında baxılacaq”.

AMİP-in qurucusu və 2004-cü ilədək sədri olan Etibar Məmmədovun yenidən partiyanın rəhbərliyinə qayıtması ehtimalına gəlincə, Arzuxan Əlizadə bildirib ki, bu məsələ gündəmdə deyil. “Etibar bəy artıq 19 ildir ki, sədrlikdən istefa verib. O, AMİP-in fəxri lideri statusundadır. Özünün də yenidən sədrliyə qayıtmaq niyyəti yoxdur. Bunu öz açıqlamalarında da bildirib. Partiyanın sayca 5-ci sədriyəm və növbəti qurultayımız da 2025-ci ildə keçiriləcək”.

Hüseyn

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.