Etirazçılar Azərbaycan Prezidentinin korejinə hücum aktı həyata keçirib –Səfirlikdən BƏYANAT

19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sülh Şurası”nın ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər.

“Bu qrup həmçinin Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr işlədib. Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri, standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.

Bundan əlavə, ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub. Beləliklə, ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi və ya əsaslandırılmamış iddialar yayılması cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycanın təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir. Xəbərləri yayarkən məsuliyyətli davranmağa və təsdiqlənməmiş iddialara əsaslanaraq nəticə çıxarmaqdan çəkinməyə çağırış edirik”, – bəyanatda qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.