Amerikalı milyarder Todd Boeli Rusiyanın “Lukoyl” neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin alınmasına dair razılaşma əldə etdiyini bildirib. Alıcı ABŞ-ın xarici layihələrdə iştirak edən dövlət investisiya qurumu – Beynəlxalq Maliyyə İnkişafı Korporasiyasının (DFC) da daxil olduğu konsorsium olacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Razılaşma bir ildən artıq davam edən danışıqların nəticəsidir. Boeli və DFC nümayəndəsinin bildirdiyinə görə, sövdələşmə “Lukoyl”un 10 milyard dollar dəyərində qiymətləndirilən qiymətli kağızlarının şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur.

Razılaşma hələ ABŞ Maliyyə Nazirliyinin yoxlamasından keçməlidir. 2025-ci ilin oktyabrında “Lukoyl”a sanksiyalar tətbiq edən qurum sövdələşmənin ABŞ-ın milli təhlükəsizlik tələblərinə uyğun olub-olmadığını qiymətləndirəcək. Əməliyyatın başa çatması üçün Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) da icazəsi tələb olunur.

Proseslə tanış olan mənbənin sözlərinə görə, Rusiyanın şirkətinin xarici aktivlər portfelinin böyük olması səbəbindən yoxlama müəyyən vaxt aparacaq.

Vaşinqton əldə ediləcək aktivlərdən gələcək mənfəətin bir hissəsini almağı planlaşdırır. Razılaşmanın şərtlərinə əsasən, DFC vasitəsilə ABŞ tərəfi yeni şirkətin direktorlar şurasında da yer alacaq. Dövlətin payı hələ açıqlanmayıb. ABŞ tərəfi konsorsiumun özəl investorları yatırdıqları kapitalı geri qaytardıqdan və razılaşdırılmış gəlirliliyi əldə etdikdən sonra mənfəətin bölüşdürülməsində iştirak edə biləcək.

“Strateji əhəmiyyətli enerji infrastrukturu aktivlərinin ABŞ-ın və ya onun müttəfiqlərinin nəzarətinə keçməsi administrasiyanın əsas prioritetlərindən biridir”, – DFC nümayəndəsi “Reuters”ə bildirib.

“Lukoyl”un beynəlxalq aktivləri 16 milyard dollar dəyərində qiymətləndirilir

Sövdələşmənin şərtləri ilə tanış olan iki mənbənin qiymətləndirməsinə görə, “Lukoyl”un xaricdəki aktivlərinin dəyəri təxminən 16 milyard dollardır. Portfel şirkətin təxminən 40 ölkədəki fəaliyyətini əhatə edir. Buraya Azərbaycan, Qazaxıstan və daha 9 ölkədə yerləşən neft yataqları daxildir. Həmin yataqlarda ümumi hasilat gündə təxminən 350 min barrel təşkil edir.

Bundan başqa, aktivlər portfelinə Niderland, Bolqarıstan və Rumıniyada yerləşən neft emalı zavodları, eləcə də ABŞ daxil olmaqla geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir. Boeli bildirib ki, portfelin dəyəri neft qiymətləri ilə bağlı proqnozlardan asılı olaraq dəyişə bilər.

Boelinin rəhbərlik etdiyi konsorsiumun “Lukoyl”un qiymətli kağızlarını xarici aktivlərlə dəyişdirmək ideyası əvvəlcə ABŞ Maliyyə Nazirliyinin dəstəyini qazanmayıb. Lakin sonradan Dövlət Departamentinin dəstəyi əldə edilib. Bu barədə “Reuters”in danışdığı mənbələrdən biri məlumat verib.

Mübadilə üçün nəzərdə tutulan “Lukoyl” səhmləri ABŞ və Britaniya investisiya fondlarından, eləcə də onları özəl investorlar adından saxlayan ABŞ depozitar banklarından alınıb. Bir çox beynəlxalq investor Rusiyanın şirkətinin səhmlərinə sahib idi, çünki “Lukoyl” inkişaf etməkdə olan bazarların iri indekslərinə daxil edilmişdi. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra həmin qiymətli kağızlar donduruldu və dəyərini itirdi.

“Əslində, amerikalılar üçün heç bir dəyəri olmayan səhmləri onların geri əldə edəcəyi pullarla dəyişdiririk”, – Boeli bildirib.

O, idarə etdiyi aktivlərin həcmi 75 milyard dollar olan “Eldridge” investisiya və sığorta holdinqinə rəhbərlik edir.

Boelinin sözlərinə görə, dondurulmuş səhmlər Rusiya ərazisindən cənubda, İranın şimalında yerləşən və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən strateji əhəmiyyətli Orta Dəhliz boyunca yerləşən real aktivlər portfeli ilə dəyişdiriləcək.

ABŞ Maliyyə Nazirliyinin icazəsini almaq üçün qiymətli kağızlar birbaşa “Lukoyl”a verilməyəcək, Birləşmiş Ərəb Əmirliklərindəki eskrou hesabında yerləşdiriləcək. Bu mexanizm Rusiyanın şirkətinin sanksiyalarla qadağan edilmiş gözlənilməz maliyyə qazancı əldə etməsinin qarşısını almalıdır.

Boeli sövdələşmənin tamamlanmasının bir ilədək vaxt aparacağını gözləyir. Əməliyyat başa çatdıqdan sonra yeni şirkət başqa adla fəaliyyət göstərəcək. O, konsorsiumun dörd iştirakçısının paylarını açıqlamaqdan imtina edib. İştirakçılar arasında ABŞ bankı Xtellus Partners və BƏƏ-də qeydiyyatdan keçmiş Catena Investment Holding də var.

“Reuters”in mənbələrinin məlumatına görə, ötən həftə konsorsiumdan daha iki iştirakçı – Suriya-Qətər mənşəli Əl-Həyat qardaşları və Əbu-Dabidə yerləşən International Holding Company (IHC) ayrılıb. Onların çıxması gələn il Konqresdə nəzarəti ələ keçirəcək demokratların mümkün tənqidlərinin qarşısını almağa kömək edib. Bu investorların ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə kommersiya əlaqələri qanunvericilərin əlavə diqqətini cəlb edə bilərdi.

IHC nümayəndəsi “Reuters”in şərh sorğusuna cavab verməyib. Boeli konsorsiumun tərkibinin dəyişkən olduğunu bildirib, lakin hazırkı iştirakçıların sövdələşmə üzərində işi davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Aktivlərin satılması ilə bağlı əvvəlki cəhdlər necə olub?

Boeli “Los Angeles Lakers” basketbol klubunda və “Los Angeles Dodgers” beysbol komandasında pay sahibidir. O, yaxın vaxtlara qədər futbol üzrə “Çelsi” klubunun da minoritar səhmdarı olub.

ABŞ Federal Seçki Komissiyasının məlumatlarına görə, milyarder ötən il Trampın siyasi fəaliyyəti ilə əlaqəli MAGA Inc. komitəsinə 1 milyon dollar ianə edib. Bu il o, Respublikaçılar Partiyasından olan dörd namizədin kampaniyasına da daha kiçik məbləğlər köçürüb. Boeli əvvəllər demokratlara da ianələr edib.

Trampın ikinci prezidentlik dövründə DFC enerji, kritik əhəmiyyətli minerallar və telekommunikasiya sahələrinə diqqətini artırıb. Qurumun “Lukoyl”la sövdələşmədə iştirakı ABŞ administrasiyasının strateji əhəmiyyətli şirkətlərdə dövlətin pay sahibi olmağa çalışdığı yanaşmanı əks etdirir. Bununla belə, DFC Co Baydenin prezidentliyi dövründə də ayrı-ayrı şirkətlərin kapitalına investisiyalar yatırıb.

Qurumun nümayəndəsinin sözlərinə görə, DFC “Lukoyl”un aktivlərinin mümkün satın alınması ilə bağlı “Chevron”, “Glencore” və “Carlyle Group” daxil olmaqla bir neçə şirkətlə müzakirələr aparıb. Bildirilir ki, özəl investorlar ABŞ hökumətinin iştirakı sayəsində əlavə təminatlar əldə etmək istəyiblər.

“Lukoyl”un aktivlərinin satın alınması ilə bağlı əvvəllər də bir neçə şirkət razılaşma əldə edib, lakin bu cəhdlərin heç biri sövdələşmə ilə nəticələnməyib.

2025-ci ildə “Gunvor” treyder şirkəti, sonradan adını “Centalion” olaraq dəyişdirib, “Lukoyl”un onun təklifini qəbul etdiyini açıqlamışdı. Lakin ABŞ Maliyyə naziri Skott Bessent “Gunvor”u “Kremlin marioneti” adlandırdıqdan sonra alıcı təklifini geri çəkib.

Yanvar ayında “Carlyle” də “Lukoyl”un xarici aktivlər portfelini almaq barədə razılaşma əldə etdiyini açıqlamışdı. Lakin sövdələşməni başa çatdırmaq üçün tələb olunan OFAC lisenziyasını ala bilməyib.

N.Talıblı