Azərbaycanda kino istehsalına dövlət dəstəyi artır, yeni filmlər çəkilir, müsabiqələr keçirilir, milyonlarla manat vəsait ayrılır. Ancaq bir sual açıq qalır: dövlət hesabına çəkilən filmlər nə qədər tamaşaçı toplayır və xərclənən vəsaiti nə dərəcədə geri qaytara bilir?

2026-cı il oktyabrın 25-dək Azərbaycanda 23 tammetrajlı bədii filmin istehsal olunduğu bildirilir. Onlardan 11-i dövlət dəstəyi, 12-si isə müstəqil maliyyə mənbələri hesabına çəkilib. Bununla belə, istehsal olunan filmlərin sayı kino sənayesinin uğurunu ölçmək üçün kifayət etmir. Əsas məsələ həmin filmlərin kinoteatrlara çıxması, tamaşaçı toplaması, gəlir əldə etməsi və sonradan televiziya və rəqəmsal platformalarda yayılmasıdır.

Mövcud mənzərə Azərbaycan kinosunda mühüm bir ziddiyyəti üzə çıxarır: filmin istehsalına vəsait tapmaqla onu tamaşaçıya çatdırmaq arasında ciddi boşluq var. Dövlət büdcəsindən ayrılan pulun nəticəsi yalnız çəkiliş meydançasında deyil, filmin nümayişindən sonra da ölçülməlidir.

23 film istehsal olunub: dövlət və özəl sektorun payı nə qədərdir?

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ildə oktyabrın 25-dək 23 tammetrajlı bədii film istehsal edilib. Maliyyə mənbələrinə görə bölgü belədir:

2026-cı ildə istehsal olunan tammetrajlı bədii filmlər

Müstəqil istehsal -12 film – 52,2%

Dövlət dəstəyi - 11 film – 47,8%

Bu rəqəmlər ilk baxışdan dövlət və özəl sektor arasında müəyyən tarazlığın yarandığını göstərir. İstehsal olunan filmlərin 52,2 faizi müstəqil maliyyə mənbələri, 47,8 faizi isə dövlət dəstəyi hesabına ərsəyə gəlib. Bu, özəl sektorun kino istehsalında iştirakının əhəmiyyətli olduğunu göstərir. Lakin burada başqa sual yaranır: müstəqil istehsalçıların çəkdiyi filmlər hansı kommersiya imkanlarına malikdir və dövlət dəstəyi ilə çəkilən filmlərin bazara çıxarılması üçün hansı mexanizmlər mövcuddur?

Əslində, film istehsalının maliyyələşdirilməsi ilə onun kommersiya uğuru ayrı-ayrı məsələlərdir. İstehsal olunan filmlərin sayının artması kinoteatrlarda nümayiş olunan, tamaşaçı toplayan və gəlir gətirən filmlərin sayının da eyni nisbətdə artması demək deyil.

Dövlət 18 yeni layihəyə 2,76 milyon manat ayırır

Dövlət dəstəyinin həcminə dair diqqətçəkən göstəricilərdən biri ARKA-nın 2026-cı il müsabiqəsinin nəticələridir. Agentliyin rəsmi məlumatına görə, müsabiqənin pitçinq mərhələsində iştirak edən 31 layihədən 18-i istehsal dəstəyi almaq hüququ qazanıb. Bu layihələrə ümumilikdə 2 milyon 763 min 861 manat vəsait ayrılması nəzərdə tutulub.

Bir layihəyə orta hesabla 153 548 manat düşür.  Burada vacib bir məqam var: 18 layihənin hamısı tammetrajlı bədii film deyil. Onların arasında 3 tammetrajlı bədii, 1 qısametrajlı bədii, 8 animasiya, 2 sənədli-bədii və 4 sənədli film layihəsi var. Odur ki,  2,76 milyon manatın hamısını tammetrajlı filmlərin istehsalına ayrılan vəsait kimi təqdim etmək düzgün olmaz. Eyni zamanda, 153,5 min manatlıq orta göstərici də hər layihənin faktiki büdcəsi deyil.

Bu maliyyələşmə mexanizmi kino istehsalının müxtəlif istiqamətlərini dəstəkləyir. Lakin ayrılan vəsaitin nəticəsini qiymətləndirmək üçün layihələrin sonradan neçə tamaşaçı topladığı, hansı platformalarda yayımlandığı və nə qədər gəlir gətirdiyi barədə məlumatlar da açıqlanmalıdır.

39 film 1 905 manat gəlir gətirib: əvvəlki audit nə göstərir?

Azərbaycan kinosunda dövlət vəsaitlərinin səmərəliliyi məsələsi yeni deyil. Bu istiqamətdə ən diqqətçəkən rəqəmlərdən biri Hesablama Palatasının 2022-ci ildə açıqladığı audit nəticələrində yer alıb. Həmin məlumatlara görə, dövlət sifarişi ilə çəkilmiş 39 filmdən əldə olunan ümumi gəlir 1 905,2 manat təşkil edib. Bu rəqəm filmlərin istehsalına çəkilən xərclərlə müqayisədə olduqca aşağıdır. Lakin bu rəqəmi bütün dövlət filmlərinin kommersiya nəticəsi kimi təqdim etmək olmaz. Söhbət konkret audit dövrü və həmin dövrdə gəlir əldə etmiş filmlərdən gedir.

Mədəniyyət Nazirliyinin o vaxtkı Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov da aşağı gəliri pandemiya dövrü ilə əlaqələndirmişdi. Onun açıqlamasına görə, pandemiya zamanı kinoteatrlar bağlı olub, açıldıqdan sonra isə yalnız iki film nümayiş etdirilib. Gəlir də həmin filmlərdən əldə olunub. Bu izah müəyyən dövr üçün obyektiv səbəbləri göstərsə də, problemin hamısını aradan qaldırmır. Çünki kino sənayesinin əsas vəzifəsi yalnız film istehsal etmək deyil, onun tamaşaçıya çatdırılması və iqtisadi dövriyyəyə daxil edilməsidir.

Auditlə bağlı başqa bir mühüm rəqəm də var. 2020–2021-ci illərdə dövlət büdcəsindən film istehsalı və əlaqəli tədbirlər üçün ümumilikdə 11,04 milyon manat ayrılıb. Audit məlumatında 9,315 milyon manatın 79 filmin çəkilişinə və 71 tədbirə xərcləndiyi göstərilib. Bu rəqəmlər 39 film üzrə gəlir göstəricisi ilə eyni statistik əhatəyə malik deyil. Ona görə də onları birbaşa bölərək filmlərin rentabelliyini hesablamaq düzgün olmaz. Bununla belə, dövlət vəsaitlərinin istifadəsi, istehsal nəticələri və gəlirlər arasında əlaqənin vahid hesabat sistemində göstərilməsinə ehtiyac olduğunu ortaya qoyur.

Əsas problem: film çəkilir, amma tamaşaçıya çatmır

Azərbaycan kino sənayesində ən ciddi problemlərdən biri distribusiya, yəni filmlərin yayılması və tamaşaçıya çatdırılması mexanizminin zəifliyidir. Aparılan araşdırmalarda bu problem ön plana çıxır. Dövlət hesabına çəkilən filmlər üçün reklam büdcəsi nəzərdə tutulmur, kinoteatrlar isə kommersiya maraqlarına uyğun olaraq repertuar formalaşdırırlar.  Bu yanaşma bazarın iqtisadi məntiqi ilə izah oluna bilər. Özəl kinoteatrlar gəlir əldə etməlidir. Tamaşaçı toplamayan film repertuardan çıxarılır, daha çox bilet satılan ekran əsərlərinə isə əlavə seanslar ayrılır.

Ancaq burada dövlət dəstəyi ilə çəkilən filmlərin xüsusiyyətləri də nəzərə alınmalıdır. Tarixi, sənədli, sosial dram və müəllif filmləri kommersiya komediyaları və Hollivud blokbasterləri ilə eyni şərtlərdə rəqabət aparmaya bilər. Məsələn, kinoteatrda bir filmə cəmi bir neçə seans ayrılırsa, üstəlik həmin seanslar tamaşaçı axınının zəif olduğu saatlara düşürsə, onun geniş auditoriya toplamaq imkanları da məhdudlaşır. Digər tərəfdən, reklam və PR kampaniyası olmayan filmin tamaşaçı tərəfindən tanınması çətinləşir. Nəticədə, filmə marağın azlığı yalnız onun bədii keyfiyyəti ilə bağlı olmaya bilər. Bəzən tamaşaçı sadəcə filmin nümayişindən xəbər tutmur.

Bu baxımdan, dövlət dəstəyi ilə çəkilən filmlərin istehsal büdcəsinə marketinq, treyler, ictimaiyyətlə əlaqələr və distribusiya xərclərinin də daxil edilməsi vacibdir.

Kinoteatrların sayı və regional bazar problemi

Yerli filmlərin yayılmasına mane olan digər amil kinoteatr infrastrukturunun Bakı şəhərində cəmləşməsidir.

Bölgələrdə müasir kinozalların azlığı potensial tamaşaçı bazarını daraldır. Halbuki Azərbaycanın müxtəlif bölgələrində tarixi, mədəni və sosial mövzulu yerli filmlərə maraq yarada biləcək auditoriya mövcuddur. Kino yalnız Bakıdakı ticarət mərkəzlərində nümayiş olunan məhsul kimi qəbul edilməməlidir. Regionlarda mobil nümayişlər, mədəniyyət mərkəzləri, müasir kinozallar və yerli televiziya kanalları vasitəsilə alternativ yayım şəbəkəsi qurmaq mümkündür. Bununla yanaşı, rəqəmsal platformalar da mühüm imkan yaradır. Yerli filmlərin qanuni striminq platformalarında yerləşdirilməsi onların kinoteatr prokatından sonra da gəlir gətirməsinə şərait yarada bilər.

Ancaq bunun üçün müəllif hüquqlarının qorunması, yayım müqavilələri, gəlir bölgüsü və piratçılıqla mübarizə mexanizmləri işlək olmalıdır.

Dövlət vəsaiti ilə çəkilən filmlərin nəticəsi necə ölçülməlidir?

Məsələnin əsas tərəfi dövlətin kino istehsalına dəstək verməsi deyil. Əsas məsələ ayrılan vəsaitin hansı nəticəni yaratmasıdır.

Dövlət dəstəyi ilə çəkilən filmlərin qiymətləndirilməsi üçün yalnız istehsal olunmuş ekran əsərlərinin sayına əsaslanmaq kifayət deyil. Hər bir layihə üzrə aşağıdakı göstəricilər də ictimaiyyətə açıqlanmalıdır. Bura  filmin istehsalına ayrılmış və faktiki xərclənmiş vəsait, kinoteatrlarda nümayiş olunan seansların sayı, satılmış biletlərin və unikal tamaşaçıların sayı, bilet satışından əldə olunan ümumi gəlir, prodüserə və hüquq sahibinə çatan məbləğ, televiziya və rəqəmsal platformalardan əldə edilən gəlir, festival və beynəlxalq satış nəticələri, filmin nümayiş və yayım coğrafiyası daxildir. 

Xüsusilə vahid elektron kassa uçotu sisteminin tətbiqi vacibdir. Bu sistem vasitəsilə hər bir filmin real tamaşaçı sayı, seansları və gəlirləri izlənilə bilər. Beləliklə, həm dövlət qurumları, həm istehsalçılar, həm də ictimaiyyət kino sahəsinə ayrılan vəsaitin nəticələrini daha aydın görə bilər.

2026-cı ildə 23 tammetrajlı bədii filmin istehsal olunması Azərbaycan kino sənayesi üçün müəyyən fəallıq göstəricisidir. Üstəlik, ARKA-nın 18 layihəyə 2,76 milyon manatlıq dəstək ayırmaq qərarı dövlətin bu sahəyə maliyyə dəstəyini davam etdirdiyini göstərir. Lakin istehsal göstəriciləri kino sənayesinin inkişafını qiymətləndirmək üçün yetərli deyil. Əvvəlki auditdə üzə çıxan 1 905,2 manatlıq gəlir göstəricisi isə filmlərin nümayişi və kommersiya dövriyyəsi ilə bağlı problemlərin nə qədər ciddi ola biləcəyini xatırladır.

Azərbaycan kinosunun inkişafı üçün dövlət dəstəyi çəkiliş meydançasında bitməməlidir. İstehsal, reklam, distribusiya, prokat, televiziya və rəqəmsal yayım vahid sistemin tərkib hissəsinə çevrilməlidir. Əks halda, dövlət vəsaiti hesabına yeni filmlər çəkilsə də, onların əhəmiyyətli hissəsi geniş tamaşaçı auditoriyasına çatmadan arxivlərdə və təqdimat mərhələsində qala bilər.

Xaqani SƏFƏROĞLU