“Evləri sənədsiz yar!” –"Kupça"sız yaşayanların arzusu nə vaxt çin olacaq?

 Sayı təxminən 500 min civarında olduğu söylənilən sənədsiz evlərin sənədləşdirilməsi… Uzandıqca aktuallığını itirməyən az problemlərdəndir. Arxa plana keçə bilməməsinin əsas səbəbi şübhəsiz ki, ən yüksək çinli dövlət rəsmilərindən tutmuş “başını salmağa bir künc əldə etmiş aztəminatlı insanlara” qədər hər kəsin maraq dairəsində olmasıdır. Hər kəsin gündəmindədir. Maraqlarsa müxtəlifdir.

Dövlət başçısı illərdi bir məzmuna köklənən müxtəlif sərəncamlar, tapşırıq və tövsiyələr verir, çıxış yollarının aranmasının vacibliyini bildirir, məmurlar öz kriteriyalarına uyğun müxtəlif açıqlamalarla belə demək mümkünsə zaman udurlar, millət vəkilləri, ekspertlər bəzən biri digərini təkrarlayan, bəzən təkzib edən açıqlamalarla ictimaiyyəti gah sakitləşdirir, gah qorxudur, gah da arxayın salırlar.

Problemsə köklü şəkildə yerindən tərpənmir.

Əslində bu problem bütün keçmiş SSRİ respublikalarının ərazisində yaranan dövlətlərdə, bir qədər də dərinə getsək dünyanın əksər ölkələrində mövcuddur. Vətəndaşları isə onun mövcudluq sferası deyil, qanun, qərar, sosial yaşantılar müstəvisində çözülməsi narahat edir. Media qurumlarının verdiyi məlumata istinad etsək, qonşu Gürcüstanda bu problem “Əmlak amnistiyası” adı ilə artıq öz həllini tapıb.  Biz isə problemi deyil, Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında 09 mart 2011-ci ildə müşavirədə problemin həllini  öhdəsinə götürmüş sabiq BŞİH sədri Hacıbala Abutalıbovun özünü təqaüdə yola salmışıq. Artıq məsələ ilə bağlı BŞİH-in indiki sədri Eldar Əzizov da sakinlərlə bir neçə görüş keçirib. Aidiyyatı dövlət qurumlarının da bu istiqamətdə işlədiyi bildirilir. İşlərin getməsi yaxşı haldır əlbəttə.

Amma nəticələrin yubanmasının hansı zərərləri var, bax, bu barədə danışmaq istəyirik.

Qeyd etdiyimiz kimi, son 13 ildə gündəmdən düşməyən bu mövzu üzrə ictimailəşdirilmiş baxış bucaqlarının media resurslarında, yəni görünən hissəsindəki müxtəlif rakurslardan yanaşmalarına yüngülvari bir ekskurs etdik. Təbii ki, hamısını bu yazıya sığışdıra bilməzdik…

Azərbaycan Prezidenti İlham Əliyev BŞİH rəhbərliyinə qeyd etdiyimiz tapşırığı verdikdən sonra bu işin sürətləndirilməsi üçün zamanla bir neçə müvafiq sərəncamlar verib. Onlardan biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi” barədə 13 yanvar 2015-ci il tarixli fərmanıdır. Hər sərəncam və göstərişlər bu ərazilərdə yaşayan insanları bir qədər ümidləndirib. Bu sərəncamdan sonra sənədlərin toplanacağına da ümidlər yaranmışdı. Lakin onların qapısını döyənlərin olmadığını görəndə yenidən məyus oldular.

2011-ci ilin martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədəki çıxışında isə Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini bəyan etmişdi. Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”. Prezident bu müşavirədə hətta sökülməli olan evlər barədə də konkret danışaraq bildirmişdi ki, “Heç kim daşı daş üstə pulsuz qoymayıb. Hansısa evlər söküləcəksə, onlara görə mütləq kompensasiya ödənilməlidir”.

Bununla da proseslərə start verilmişdi. Amma bu illər ərzində aidiyyatı qurumların və bəzi ekspertlərin ayrı-ayrı açıqlamalarının bir qismi manipulyasiyadan o tərəfə keçmədi. Hər il bir neçə dəfə gündəmə gətirilən prolemin həlli də yəqin ki, bu səbəbdən gəlib hələlik 2024-cü ilədək çıxdı.

Amma insafən, bir sıra açıqlamalarda sənədsiz evlərin sənədləşdirilməməsinin ölkə iqtisadiyyatına və vətəndaşlara vurduğu zərərlərin miqyası, onların sosial yönümü barədə təfsilatlı informasiyalar da verildi. Məsələn, millət vəkilləri Vahid Əhmədov, Vüqar Bayramov, Musa Quliyev, Aydın Kərimov və başqaları bir neçə dəfə prosesin sürətləndirilməsinə işarə vuraraq azca da olsa bu istiqamətdə görülən işləri təqdir edib, görülməyən işlərin də hərəkətə gətirilməsinin vacibliyini vurğuladılar.

V.Əhmədov bildirib ki, “Sənədsiz evlər məsələsi problemli məsələdir və uzun zamandır müzakirə olunur. Biz bu məsələni hər dəfə Milli Məclisdə müzakirəyə qaldırırıq. Dövlət başçısı İlham Əliyev bir neçə il əvvəl tədbirdə göstəriş verdi ki, bu məsələ öz həllini tapsın. Bundan sonra İqtisadi İnkişaf naziri, Bakı Şəhər İcra Hakimiyyəti müəyyən işlər gördülər, hətta məndə olan məlumata görə 50 mindən çox sənədsiz evlərə sənəd də verilib və bu məsələ üzərində iş gedir. Lakin bu proses 6-7 ildir davam edir və çox uzanıb”.

Deputat Vüqar Bayramov məsələnin bir qədər fərqli yönümünə – deyilən Gürcüstan variantına uyğun həllinin mümüknlüyünə diqqətləri çəkib: “Bizim təkliflərimiz “Əmlak amnistiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaklara amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

Digər deputatlar da problemin həllinin uzanmasına görə öz narahatlıqlarını ifadə ediblər. Eyni zamanda çıxarışı olmayan problemin qaldıqca özü ilə bərabər yaratdığı zərərli mexanizmləri də dilə gətiriblər. Onların ən başlıcası ölkə vətəndaşlarının sosial qayğılarının artması, “çıxarış”ı olmayan evlərdə yaşayanların ailə başçısı itirilən zaman vərəsəlik hüququnun tanınmaması, ailələr dağılarkən mənzil hüququndan yararlana bilməmələri, insanların yaşadıqları ünvanlara qeydiyyata düşə bilməməsi, min bir əziyyət bahasına tikdikləri mülklərinə sahiblənə, evlərini qanuni alqı-satqı predmetinə çevirə bilməmələri, dövlətin bu evlərə görə kütləvi illik əmlak və torpaq vergilərini itirməsi, sığorta etdirə bilməmək, eyni zamanda qeydiyyat problemləri yaşamaqları səbəbindən seçkilərdə iştiraklarına maneələrin olması və s. məsələlərdir.

Bir sözlə, 500 min mənzilin özəlləşdirilməməsinin iqtisadiyyatımız və sosial həyatımızda buraxdığı neqativ izlərin miqyası ölçüyəgəlməzdir. Sonuncu, yəni dövlətə ilbəil vurulan əmlak və torpaq vergisinin həcmini isə bəri başdan hesablamaq mümkünsüzdür. Çünki, bu zaman hər bir evin kv.m-i, mülkiyyətdə olan torpağın sahəsi yerinə görə hesablanılıb qərar verilir. Rəqəmlər yığılıb hesablanmayınca, yəqin ki, vergilərin miqyasını da dəqiqləşdirmək mümkün olmayacaq. Amma 500 minə yaxın evdən, yüz hektarlarla torpaq sahəsindən söhbət gedirsə, hər il dövlət büdcəsinin nə qədər vəsait itirməsi təxminediləndir.

Bəs sənədsiz evlərin sənədləşdirilməsi – “kupçalaşdırılması” indi hansı mərhələdədir? İndi aidiyyatı qurumlar və həmişəki ekspertlərimiz nə deyir?

Bakı Şəhər İcra Hakimiyyətinin indiki başçısı Eldar Əzizov ötən il Binəqədi sakinləri ilə görüşündə sələfi Hacıbala Abutalıbovdan yığılıb qalmış bu problemin həlli barədə çox nikbin danışdı. Söylədi ki, “Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək. Otuz ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, bütün ölkə üzrə öz həllini tapacaq”.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi də bəyan etdi ki, onlar sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayırlar və bu konsepsiya yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək.

Nəhayət, yaşadığımız 2024-cü ilə gəlib çatdıq. Təbii ki, hamını düşündürən problemi ölkə vətəndaşlarının və dövlətin üzərində konkret nəticəsiz saxlamaqla. İndi media məsələnin gündəmdə saxlanılmasını daha çox tikinti, torpaq məsələləri üzrə ekspertlərlə davam etdirir. İndi onların nisbətən çəkici bir zindana vurduqlarına və vətəndaşların taleyinə görə narahatlıq yaşadıqlarına şahidlənirik.

Məsələn, ekspert Ramil Qasımzadə dövlət başçısının hələ 2011-ci ildə verdiyi tapşırıqları da xatırladaraq onu da vurğulayıb ki, hazırda sənədsiz evlərlə çıxarışla satılan evlərin qiymətləri arasında təxminən iki dəfəyə qədər fərq müşahidə olunur. Yəni bunun özü də vətəndaşlarımız arasında ədalət prinsipinin pozulması ilə nəticələnir.

Ekspert Elnur Fərzəliyev də təxminən bu fikirləri bölüşməklə yanaşı, “çıxarış”ı olmayan evlərin əmlak və torpaq vergisi verməkdən yayınmasını, eyni zamanda alqı-satqı predmeti ola bilməməsini diqqət mərkəzinə gətirir.

Ekspert Elnur Azadov söyləyib ki, “Dövlət Əmlak Xidməti ilə Ədliyyə Nazirliyinin yaxın zamanlarda yaradacağı vahid portal üzərində bütün daşınmaz əmlak əməliyyatlarının aparılması mümkün olacaq. Eyni qaydada, qanunsuz, sənədsiz tikililərin və əmlakların qeydiyyata alınması ilə bağlı xüsusi bir şərait də yaradılacaq. Bununla əlaqədar bir ilə yaxındır işçi qrupu fəaliyyət göstərir. Müvafiq qanunda çatışmazlıqların təmin olunması üzərində işlər aparılır və 2024-cü il ərzində vahid portalın buraxılması, işə salınması gözlənilir”.

Hazırda sənədsiz evlərinin sənədləşdirilməsini gözləyən bütün vətəndaşlar adıçəkilən “portal”a nə zaman giriş mümkün olacağı günləri gözləyirlər. Portalın yaradılması o qədər də mürəkkəb məsələ deyil. 30 illik həsrətə 44 günə son qoyan xalqımız 2024-cü ildə “sənədsiz evlər” burulğanına əlvida deyə biləcəkmi…

Nəzirməmməd Zöhrablı

Azpost.info

Əvvəlki məqalə

Prezident Rəisi Məşhəddə doğluduğu şəhərdə dəfn olunacaq

Sonrakı məqalə

Mincivan qəsəbəsinə ilkin olaraq 3 146 nəfər köçürüləcək