Fəxri konsul: “1100-ə qədər Azərbaycan vətəndaşı Xarkovdan yola salınıb”

 

“Bu gün biri saat 09.00, biri də saat 13.00 radələrində olmaqla, Xarkovdan Lvov istiqamətində iki qatar yola düşüb. Bu iki qatarda 200-ə yaxın Azərbaycan vətəndaşı yola salınıb”.

Bunu açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

Fəxri kosul deyib ki, artıq Fəxri konsulluq Xarkovdan çıxmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır: “Demişik ki, vətəndaşlarımız bir-birinə desinlər, kimlər kütləvi şəkildə gələ bilirsə, dəmir yolu vağzalına gəlsinlər, gedə bilməyənlər də dəmir yolu vağzalında növbəti qatarı gözləsinlər. Bu gün yola düşən iki qatarda yer olmadığı üçün qalan soydaşlarımız var, bu gecə yerli vaxtla saat 12.00 radələrində bir qatar, o cümlədən sabah səhər saatlarında da bir qatar yola düşməlidir. Bu gün dəmir yolu vağzalında gözləmə zalında ayaq üstə durmağa yer belə olmayıb. Xarkovdan Lvova yolu düşən qatarlar ümumən əhalinin evakuasiyası üçün nəzərdə tutulub. Bu qatarlarla Azərbaycan vətəndaşları ilə bərabər, Xarkovda olan digər ölkələrin vətəndaşları, o cümlədən ölkənin daha təhlükəsiz bölgələrinə getmək istəyən Ukrayna vətəndaşları yola salınır ”.

Ə. Salmanov qeyd edib ki, Xarkov şəhəri də daxil olmaqla, Xarkov vilayətində 36 min Azərbaycan əsilli Ukrayna vətəndaşı yaşayıb. Vəziyyət gərginlşənə qədər Xarkovda 2800-ə qədər azərbaycanlı tələbə, cümlədən Xarkova iş və digər məqsədlərlə müvəqqəti gəlmiş 50 min civarında Azərbaycan vətəndaşı olub.

Fəxri konsul vəziyyət gərginləşəndən bu vaxta qədər 1100-ə qədər Azərbaycan vətəndaşının Xarkovu tərk etdiyini söyləyib. Həmin Azərbaycan vətəndaşları Fəxri konsulluğun Xarkov vilayət rəhbərliyinə və digər müvafiq qurumlara müraciəti əsasında pulsuz biletlərlə təmin olunub: “Xarkovda hazırda vəziyyət gərgindir. Ancaq bütün bunlara baxmayaraq, biz Azərbaycan vətəndaşlarının evakuasiyasına dəstək verməyə çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda maaşını ala bilməyən beş işçi intihara cəhd edib

Sonrakı məqalə

Rusiya Olbia limanı yaxınlığındakı gəmiyə raket zərbəsi endirib