“Faciəvi oyun, maraqlı ssenari idi”-

Qurban Qurbanov
20 May 2021 - 00:06

“Neftçi”ni təbrik edirəm. Neçə illər idi çox istəkli idilər. Bu il buna nail oldular”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII – sonuncu turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Dalğa Arena”da baş tutan həlledici qarşılaşmanın son dəqiqələrində qol buraxan Ağdam təmsilçisi 0:1 hesabı ilə məğlub olub. Bu nəticə “Qarabağ”ın ardıcıl 7 çempionluq seriyasına son qoyub.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Futbolçularımı təbrik edirəm. Çox nadir hallarda futbolçularıma narazılıq bildirirəm. İllərdir əziyyət çəkirlər. Dəyişik rejimdə oynayırlar, ilboyu böyük stress keçirirlər. Onlardan da daim uğur tələb olunur. Bu da futbolçularda gərginliyi, məsuliyyəti artırır. İlboyu bu rejimdə işləmək asan deyil. Amma onlar bunu bacardılar. Neçə illərdir çox əziyyət çəkirik. Həmişə komandanı bu vəziyyətdə qorumağa çalışırıq”.

– Uzun fasilədən sonra Çempionlar Liqasından başlamayacaqsınız. Konfrans Liqasından başlamaq motivasiya baxımından çətin olmayacaq?
– Deməzdim ki, çətin olacaq. İstənilən halda Avropa təcrübəsidir. Digər ölkələrin komandaları da iştirak edəcək. Yeni bir turnirdir. Orada iştirak etmək, turnirin gücünü bilmək maraqlı olacaq. Çempionlar Liqasından iki həftə sonra başlamalıyıq. Bu da əlavə üstünlük olacaq. Üstəlik, millinin futbolçuları da toplaşacaq. Futbolçuların istirahətə çox ehtiyacı var. Turnirdə maksimum nəticəyə çalışacağıq.

– “Qarabağ”ın məğlubiyyətinin səbəbi Rahil Məmmədovun meydana daxil olaraq, müdafiədə çaşqınlıq yaratması olmadı?
– Mən belə bir səbəb görmürəm. Oyunun gedişinə görə qərar veririk. Əvvəlcə Patrik Andradeni, ikinci hissədə oyunu ələ aldığımız vaxt Mahir Emrelini itirdik. Belə epizodlar oyunun gedişində çox olur. Ani çaşqınlıq idi. Elə qolluq epizod da deyildi.

– Rəqibin baş məşqçisi Xayme Romeronun epizodunun penalti olmadığını dedi. Siz necə düşünürsünüz?
– Kimə necə sərf edirsə, o cür danışır. İkinci epizodda penalti olduğunu deyirdilər. Baxdım, dedim ki, buna penalti vermək olmaz. Amma Xaymenin epizodunda penalti var idi. Amma bununla özümə haqq qazandırmaq istəmirəm. Bəzən futbolçuların haqqına girilir. Amma hər kəs öz fikrini bildirir.

– Sizə ən çox təsir edən Qarabağın işğaldan azad olunduğu il çempionluğu itirmək olmadı?
– Torpaqlarımız geri alındığı zaman demişdim ki, indi “Qarabağ”da özümü daha rahat hiss edəcəm. Torpaqlarımız rəqibdə olanda daim məndə qorxu, həyəcan var idi. Bəlkə də, bəzi səhvlərə yol verirdim. Amma indi daha ürəkliyəm. Bu gün müdafiəyəmeyilli oynaya da bilərdik. Amma torpaqlarımızın işğaldan azad olunması böyük qalibiyyətdir. Hər gələn legionerə Qarabağ həqiqətləri haqda məlumat verirdik. Onlar bilirlər ki, hansı komandada iştirak edirlər. Daha çox azarkeşlərə görə heyfsiləndim. Xüsusən də, stadiona gələ bilmədikləri üçün. Bu gün də oyuna gələndə bazanın qarşısında idilər, bizi yola saldılar. İnşallah, qarşıdakı illərdə bəzi dəyişikliklər edəcəyik. Son iki ildə həddən artıq çox oyunçu getdi. Onların yerini doldurmaq asan deyil. “Barselona”, “Real” kimi böyük klublarda da 3-4 oyunçu gedəndə onların yerini doldura bilmirlər. Amma biz yenə də öz düşüncələrimizi bir yerə qoyacağıq ki, daha yaxşı nəticələr qazanaq.

– Belə bir plan varmı ki, qarşıdakı mövsümdə ev oyunlarından birini və ya bir neçəsini Quzanlıda keçirəsiniz?
– Belə bir fikir bizdə həmişə olub. Məncə, ora getməyimiz üçün hələ tezdir. Təmizlənmə, bərpa işləri gedir. Niyə də istəməyək? Orda da stadionumuzun olmasını istəyirik. Dövlət Proqramını gözləməliyik. Biz ora getməyə hazırıq. Komanda hətta ora gedib futbol da oynadılar. Sevə-sevə gedərik.

– Yaxın gələcəkdə Ağdamda məskunlaşmağı planlaşdırmırsınız?
– Buna gələcəkdə baxmaq olar.

– Mövsümün əvvəlindən koronavirusla bağlı komandanızda ciddi problemlər yaşandı, UEFA avrokuboklarda ev oyunlarınızı başqa stadiona saldı, siz və futbolçular koronavirusa yoluxdunuz. Bunu karyeranızın ən çətin ili saymaq olar?
– Çətin deməzdim. İnsan ilboyu sağlam ola bilməz. Bu il çox problemli keçdi. Sona 4-5 tur qalmış futbolçular sıraya dönəndə Filip Ozobiç, Şahrudin Məhəmmədəliyev sıradan çıxdı. Bugünkü görüşdə də iki futbolçumuz zədələndi. Oyuna hazırlaşmağa onsuz da 1-2 gün vaxtımız var idi. İkinci hissədə erkən əvəzləmə planlaşdırmamışdım. Çox gərgin il oldu. Pley-off oynayanda müharibə gedirdi. Həmin gecə hansı hisslər keçirdiyimi bir Allah bilir. Şükürlər olsun, “Legiya” üzərində qələbə qazandıq. Bu gün də sona kimi ayaq üstə durduq. Belə gərgin oyunlarda İsmayıl İbrahimliyə, Elvin CƏfərquliyevə sona qədər güvəndik. Oyunçular belə oyunlarda böyüyür. Bəzi nüanslarda uğur əldə etmişik.

– Çempionluq üçün nə etməli idiniz ki, onu etmədiniz?
– Çempionluq üçün hər şeyi etməyə çalışdıq. Heyət problemimiz, futbolçu azlığı var idi. Bunları nəzərə almasaq, ilboyu hər şeyi etməyə çalışdıq. Çempionluq da son dəqiqədə əldən getdi. Futbolçularımın paltardəyişmə otağında üzgün olduğunu gördüm. Dedim ki, məğlub olmağı bacarmalı və idman prinsiplərini düzgün qəbul etməliyik. Hər bir komanda bizə qarşı həddən artıq istəklidir, birə-beş hazırlaşır. Bu il ən çox topa sahib olduğumuz, qol vəziyyəti yaratdığımız, oyun sayına görə ən çox qol vurduğumuz illərdəndir. Digər illərdən üstün olduğumuz mövsüm oldu. Keyfiyyətimizi bir az da qaldırsaq, yaxşı uğur əldə edərik.

– “Neftçi”nin 9 xallıq fərqi aradan qaldırmasının həlledici olduğunu demək olar?
– Daha çox görünən odur. “Neftçi” ilə oyunlar çox maraqlı alındı. Tofiq Bəhramov adına Respublika Stadionunda məğlub olduğumuz görüş yuxu kimi alındı. Qırmızı vərəqə də almışdılar. İnanın ki, istəmirdim qırmızı vərəqə verilsin. Hərə bir cür hazırlaşır. Hər şey bizim əlimizdə olarkən qapımızda penalti gördük, oyunçumuz qırmızı vərəqə aldı. Faciəvi oyun, maraqlı ssenari idi. Belə hallar olur. Futbolçularıma güvənirəm.

– Yeni mövsümlə bağlı heyətin genişləndirilməsi baxımından nələri deyə bilərsiniz?
– İki gün ərzində müqaviləsi bitən futbolçularla məsələni yoluna qoymağa çalışacağıq. Futbolçu axtarmaq çox çətindir. Daha çox oyunçu almalıyıq. Mahir Emreli gedir. Əlimizdə olanları qoruyub saxlamağa çalışacağıq. Ondan sonra yeni transfer məsələsinə baxacağıq.