Martın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb.
Sərəncama əsasən, Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, eləcə də Formula 1 Azərbaycan Qran Prisinə bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab olunur.
Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, yarışla əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.
Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.