Fransa ingilis dilini Avropa İttifaqından çıxarmaq istəyir –İngiliscə məktublar cavabsız qalır

Emmanuel Makronun hökuməti Britaniya Avropa İttifaqını tərk edəndən bəri bu blokda fransız dilinin mədəni mühümlüyünü gücləndirməyə çalışır.

The Daily Telegraph qəzeti yazır ki, Fransa 2022-ci ildə Avropa İttifaqı Şurasında rotasiyalı sədrliyi qəbul edəcək. Belə bir şəraitdə fransız siyasətçilər israr edirlər ki, onlar əsas görüşləri və işçi qrupların iclaslarını öz ana dillərində keçirəcəklər.

Bir diplomat qəzetə deyib ki, sözü gedən iclasların stenoqramları fransızca yazılacaq və onların başqa dillərə tərcüməsi dərhal təqdim olunmayacaq. Fransa habelə bildirib ki, Avropa İttifaqı diplomatlarından fransız dilini öyrənmək istəyənlər üçün vəsait ayrılacaq.

Məqalədə deyilir ki, Paris, Fransa hər dəfə Avropa Şurasında sədrliyə gələndə bu məsələni qaldırır. Amma Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra Fransa fransız dilinin Avropa İttifaqı təsisatlarının əsas dili olmasına can atır.

Fransanın Avropa naziri Klement Byene hələ aprel ayında demişdi: “Fransız dili diri, çiçəklənən, dünya boyunca tədrisi inkişaf edən bir dil olsa da, burada Avropa təsisatlarında onun mövqeyi zəifdir. Komissiyada, şurada, agentliklərdə, qurumlarda, administrasiyalarda və iclaslarda indi əsasən ingilis dilindən istifadə olunur. Bu, ingilis dilində yazılan hesabatların sayını artırıb. Halbuki bu dil indi cəmi iki üzv ölkənin dilidir”.

Prezident Makron deyib ki, dünya boyunca fransız dilinin tədrisini gücləndirmək və çoxdilliliyi təbliğ etmək onun əsas məqsədlərindən biridir.

Fransız dili almanca və ingiliscə ilə yanaşı Avropa İttifaqının üç işçi dilindən biridir.

Avropa İttifaqında bütövlükdə 24 rəsmi dildən istifadə olunur. The Express qəzeti yazır ki, fransız dili bu dildə danışan Brüsselin diplomatik dairələrində populyardır. Amma 2004-cü ildə Avropa İttifaqına Polşa, Macarıstan və Çexiya kimi ölkələr daxil olduqdan sonra fransız dilinin işlənməsi tənəzzülə uğrayıb.

Beləliklə, Avropda ən çox danışılan dil olan ingiliscə Brüsseldəki təsisatların dəhlizlərində daha tez-tez eşidilir. Avropa İttifaqında ikinci dil kimi ingilis dilinin nüfuzu son illərdə yüksəlib.

Lakin Britaniya ittifaqı tərk etdikdən sonra ingilis dili yalnız iki üzv ölkənin – İrlandiya və Maltanın əsas dili olub. Britaniya mediası yazır ki, bu, ingilis dilinin hökmranlığı üçün risk yaradır. 2020-ci ilin məlumatına görə Avropa Komissiyası əməkdaşlarının 80 faizi üçün fransız dili birinci, ikinci və ya üçüncü danışıq dilidir.

Belə xəbərlər də var ki, Avropa Komissiyasına ingiliscə yazılan məktublar cavabsız qalır.

Bir Avropa diplomatı The Daily Telegraph qəzetinə deyib: “Fransız komissar ingiliscə məktub alanda, biz onu Parisə göndərməzdən əvvəl fransız dilinə tərcümə etdiririk. Biz Şuranın iclaslarında fransızca danışacağıq. Bəzi işçi qruplarda tərcümə sistemləri yoxdur…”

Amma həmin diplomat Britaniya qəzetinə narahat olmamağı məsləhət görüb: “Əgər nəsə anlaşılmasa, iclasların arasında biz bunu izah edərik. Burada Brüsseldə dövlət qulluqçuları arasında çox sayda fransızdilli var”. (Azadlıq radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“2021-ci ildə Azərbaycanda iqtisadi artım gözlənilir” –

Sonrakı məqalə

Virusa və İnfeksiyaya qarşı ən güclü immuniteti olan qan qrupları hansılardır?