Fuad Hacıyev və Zəminə Hacıyeva TÜRKSOY-un medalı ilə təltif olunub –FOTO

Azərbaycanın görkəmli sənət xadimləri, Konya Səlcuq Universitetinin Dilek Sabancı Dövlət Konservatoriyasının yaradıcıları, professorlar Fuad Hacıyev və Zəminə Hacıyeva TÜRKSOY-un “Haldun Taner” medalı ilə təltif olunub.

Bu barədə Azpost.info-ya Zəminə Hacıyeva özəl açıqlama verib.

Zəminə Hacıyeva TÜRKSOY-un təşkil etdiyi mərasimin ötən gün baş tutduğunu bildirib.

Qeyd edək ki, Konyada baş tutan mərasim, Azərbaycanın görkəmli sənət xadimlərinin 80 illik yubileyləri və Dilek Sabancı Dövlət Konservatoriyasındaki fəaliyyətlərinin 30 illiyinə həsr edilib.
Mərasimdə Türksoy-un Azərbaycan təmsilçisi Elçin Qafarlı, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin katibi Elxan Zeynalov, Səlcuq Universiteti Dilek Sabancı Dövlət Konservatoriyasınin müdiri, professor Oğuz Karakaya ilə yanaşı, Fuad Hacıyev və Zəminə Hacıyevanın tələbələri də iştirak edib.

Azərbaycanın adını 30 il Türkiyədə yüksək səviyyədə təmsil və təbliğ edən görkəmli sənət xadimlərimizin haqqında dəyərli çıxışlar edilib. Hazırda Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən, Dövlət Teatrlarında çalışan aktyor, rejissor və teatr rəhbərlərinin Fuad Hacıyev və Zəminə Hacıyevanin tələbələri olduğu vurğulanıb.
Mərasim  Fuad Hacıyev və Zəminə Hacıyevaya TÜRKSOY-UN “Haldun Taner” medalının və diplomların təqdim edilməsi ilə başa çatıb.
Ömrünü Azərbaycan mədəniyyətinin, teatrının təbliğinə həsr edən Fuad Hacıyev və Zəminə Hacıyevanı təbrik edir, onlara möhkəm can sağlığı diləyirik.

Ülviyyə Həsənqızı

Əvvəlki məqalə

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır

Sonrakı məqalə

Rusiya Xersondan hansı halda çəkiləcək?