Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Gəncəsər, Amaras, Ağoğlan…

User 22 Sentyabr 2026 - 15:38 (Last updated: 22 Sentyabr 2026 - 15:38)
genceser

Qarabağda yerləşən bir sıra dini-memarlıq abidələrinin tarixi, onların Qafqaz Albaniyasının maddi-mədəni irsi ilə əlaqəsi və tarixi mənsubiyyətinin müəyyənləşdirilməsi meyarları AMEA-da keçirilən konfransda müzakirə olunub.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena–Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ramil Ağayev Qarabağ ərazisindəki bir sıra abidələrlə bağlı məlumat verib.

O, Xocavənd rayonunun Hünerli kəndində yerləşən abidəni nümunə göstərərək onun üzərindəki yazılarla bağlı məsələyə diqqət çəkib. Alim bildirib ki, bu abidə ilə bağlı Azərbaycan Prezidenti də münasibət bildirib.

Katarovəng və Amaras haqqında nə deyilir?

Ramil Ağayev Xocavənd rayonunda yerləşən Katrovəng, yaxud Katarovəng monastırı barədə də danışıb.

Onun sözlərinə görə, bu abidə haqqında Musa Kalankatlı öz əsərində məlumat verib. Alim Kalankatlının məlumatlarına istinadən bildirib ki, IV əsrdə maskut hökmdarı Sanesanın təqib etdiyi xristianlar Ziyarət dağına sığınıblar. Sonradan onların xatirəsinə həmin ərazidə Katarovəng monastırı inşa edilib.

Alim Amaras monastırının da Qafqaz Albaniyasının tarixi-mədəni irsi baxımından əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Amaras Ağoğlan adı ilə də tanınır.

R.Ağayev qeyd edib ki, Amarasda Alban katolikosu Qriqoris dəfn olunub. O, Musa Kalankatlının əsərində Qriqoris və onun Amarasda dəfn edilməsi ilə bağlı məlumatların yer aldığını bildirib.

Alimin fikrincə, yazılı mənbələrdəki bu məlumatlar abidələrin tarixi mənsubiyyətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Laçındakı Ağoğlan məbədi

Ramil Ağayev Laçın rayonunda yerləşən Ağoğlan məbədi barədə də məlumat verib.

Onun sözlərinə görə, abidədə Azərbaycan arxeoloqları tərəfindən araşdırmalar aparılıb. Arxeoloq və memarların tədqiqatları zamanı məbəddə müəyyən təsvirlərin olduğu müəyyənləşdirilib.

Alim bildirib ki, bu xüsusiyyətlər də abidənin tarixi mənsubiyyətinin araşdırılması zamanı nəzərə alınan amillərdəndir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurun xristian dini-inzibati mərkəzlərinin tarixi, arxeoloji və etnoloji baxımdan araşdırılması istiqamətində yeni elmi layihə də həyata keçirilir. Layihə çərçivəsində Gəncəsər, Xudavəng, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastır komplekslərinin tədqiqi nəzərdə tutulur. Xudavəngdə ilkin arxeoloji kəşfiyyat işlərinə 2026-cı ilin avqustundan başlanılıb.

“Sifarişçinin kimliyi də mühüm məsələdir”

R.Ağayev abidələrin tarixi mənsubiyyətinin müəyyənləşdirilməsi zamanı onların yerləşdiyi ərazinin yazılı mənbələrdəki tarixi coğrafiya ilə uyğunluğunun araşdırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, başqa bir mühüm məsələ abidənin sifarişçisinin kim olması və hansı məqsədlə inşa etdirilməsidir.

Alim bildirib ki, onun təqdim etdiyi məlumatlara əsasən, tarixi Albaniya ərazisində, o cümlədən Qarabağın dağlıq hissəsində yerləşən bir sıra abidələrin üzərində onların sifarişçisinin erməni hökmdarı, hakimi və ya katolikosu olması barədə məlumat göstərilməyib.

R.Ağayev bu kontekstdə yerli hakimlər, knyazlar və katolikosların adlarının çəkildiyini bildirib.

O, Gəncəsər monastırını nümunə göstərərək deyib ki, abidə Alban katolikosu Nersesin təkidli xahişlərindən sonra Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa etdirilib.

Memarlıq xüsusiyyətləri də araşdırılır

Alim qeyd edib ki, abidələrin tarixi mənsubiyyətinin müəyyənləşdirilməsində yalnız yazılı mənbələr deyil, memarlıq xüsusiyyətləri də mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycan və erməni memarlıq abidələrinin planlaşdırılması və quruluşunda müəyyən fərqlər mövcuddur. R.Ağayev həmçinin alban və erməni xaçları arasında fərqlərin müşahidə edildiyini bildirib.

Alimin sözlərinə görə, alban abidələrində ay, günəş və od kimi təsvirlərə də rast gəlinir.

O, qəbirüstü abidələrin və xaçkarların da araşdırma üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bəzi qəbirüstü yazılarda məzarın kimə məxsus olduğu barədə məlumatların əksini tapdığını bildirib.

R.Ağayev erməni mənbələri və erməni tədqiqatçılarının əsərlərində də Qafqaz Albaniyasının maddi-mədəni irsi ilə bağlı məlumatların olduğunu qeyd edib.

Bu kontekstdə o, Ermənistanın Qarabağın dağlıq hissəsi üzrə mütəxəssislərindən biri kimi təqdim etdiyi Şagen Mkrtçyanın 1970-ci illərin sonu və 1980-ci illərdə apardığı araşdırmalara diqqət çəkib. Alimin sözlərinə görə, həmin tədqiqatlar zamanı Qarabağın dağlıq hissəsindəki abidələr və qəbir abidələri qeydiyyata alınıb.

Xristianlığın Albaniyada yayılması

Ramil Ağayev konfransda Albaniyada xristianlığın yayılması ilə bağlı məlumatları da diqqətə çatdırıb.

O bildirib ki, Albaniyada xristianlığın eramızın I əsrində həvarilər Faddey və Yelisey tərəfindən yayılmağa başladığı barədə məlumatlar mövcuddur.

Qafqazda ilk kilsələrdən biri kimi Şəkidə yerləşən Kiş kilsəsinin adı çəkilir. Bu məsələ ilə bağlı müxtəlif elmi müzakirələr aparılır.

R.Ağayev Albaniyada xristianlığın ermənilərdən əvvəl yayılması barədə həm erməni mənbələrində, həm də Albaniya tarixinə dair əsərlərdə məlumatların olduğunu bildirib.

Alimin sözlərinə görə, Musa Kalankatlının əsərində də albanların xristianlığı ermənilərdən əvvəl qəbul etməsi ilə bağlı məlumatlar yer alır.

O, həmçinin Alban kilsəsinin əsasən diofizit, erməni kilsəsinin isə monofizit mövqeyi ilə fərqləndiyini qeyd edib.

R.Ağayev 506-cı ildə Dvində keçirilən kilsə məclisində Xalkedon Kilsə Məclisinin qərarlarının müzakirə edildiyini və bunun xristianlığın müxtəlif istiqamətləri baxımından əhəmiyyət daşıdığını bildirib.

Qarabağ və Şərqi Zəngəzurdakı bu abidələrin tarixi mənsubiyyəti ilə bağlı elmi araşdırmaların davam etdirilməsi nəzərdə tutulur. Hazırkı elmi layihələrdə də əsas məqsədlərdən biri abidələrin tarixi inkişafını, arxeoloji materialları və sonrakı dəyişiklikləri kompleks şəkildə araşdırmaqdır.

AzPost.az

Post navigation

Previous: İstanbul və Bakıya uçuşlar davam edir –
Next: Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.