Göygöldə Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi olub

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən Üçüncü Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.

Göygöl rayonunda təşkil olunan festivalın rəsmi açılış mərasimində qonaqları rəmzi olaraq Dədə Qorqud salamlayıb, söz söyləyib, xeyir-dua verib. Sonra türk dövlətlərinin nümayəndələrinin tarixi geyimlərdə bayraqlarla paradı baş tutub.

Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qonaqlar etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (kənd təsərrüfatı məhsulları) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (kənd təsərrüfatı heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Qeyd edək ki, Üçüncü Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” – Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə keçirilir.

Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqlar iştirak edirlər.

Festival şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm.

Xatırladaq ki, birinci festival 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.

Əvvəlki məqalə

Kolleclərə yeni direktorlar təyin olunub

Sonrakı məqalə

Şərurda 7 yaşlı uşaq hovuzda boğularaq ölüb