Gürcüstan Avropadan niyə uzaq qaçır? –TƏHLİL

Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük müzakirələrinə başlamaq haqqında tövsiyə qərarı qəbul etdi.
Yekun qərarı Avropa Birliyi Şurası verəcək.
Gürcüstan bu mərhələdə prosesdən kənarda qaldı. Hətta Avropa Komissiyası bu ölkə ilə vizasız rejimi dayandırmağı müzakirəyə çıxarmağa hazırlaşır.
Dünən ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyət nümayəndələrinə qarşı viza sanksiyalarının tətbiqinə start verdi. Hələlik məhdud sayda şəxsə (30-a yaxın) qarşı və hökumətə xəbərdarlıq siqnalı mahiyyəti daşıyan sanksiya tətbiq olunub. “Gürcü Arzusu” geri addım atmasa, tədbirlər sərtləşərək davam edəcək.
Gürcüstanda hazırda yaranmış vəziyyətin əsas səbəbkarı şübhəsiz ki, ötən müddətdə ölkənin demokratik nailiyyətlərini tədricən aradan qaldıraraq yumşaq avtokratiya bərqərar etmiş Bidzina İvanişvilidir. Lakin Gürcüstanın (eləcə də Ukraynanın) məsələsini acı bağırsaq kimi uzatmış ABŞ və Avropa Birliyi də məsum deyil.
2012-ci ildə Saakaşvilinin hakimiyyətdən getməsi və “Gürcü Arzusu”nun gəlib, bir tərəfdən ehtiyatlı və səbirli avrointeqrasiya siyasəti aparması, digər tərəfdən isə Rusiya ilə məsafəli, amma praqmatik və stabil əlaqələr yaratması Qərbdə məmnunluqla qarşılandı. Saakaşvilinin Rusiya ilə açıq qarşıdurmaya getməsi Vaşinqton və Brüsselin qəzəbinə səbəb olmuşdu və elə o vaxtdan Qərb Saakaşvilini tamamilə sildi.
Ukraynada müharibə başladıqdan sonra geosiyasi situasiya radikal dəyişikliyə məruz qaldı və Qərb o vaxta qədər postsovet məkanında apardığı RUSİYA MƏRKƏZLİ SİYASƏTdən imtina etdi. “Gürcü Arzusu”nun güc mərkəzləri arasında müəyyən balansa əsaslanan siyasəti Qərbi qane etməməyə başladı və onlar Tbilisidən Saakaşvili dövründə olduğu kimi, birmənalı mövqe və qəti seçim tələb etdilər. “Gürcü Arzusu” isə komfort zonasından çıxmaq istəmədi, çünki Rusiya ilə qurduğu əlaqələr ölkədaxili sosial-iqtisadi stabilliyə mühüm töhfə verir. Moskva öz daxili bazarını Gürcüstan üçün açıb və bu ölkənin 2-ci böyük ticarət tərəfdaşıdır. Ukrayna müharibəsindən sonra Moskvanın göz yumması (və ya şərait yaratması) nəticəsində Gürcüstana axışan Rusiya orta təbəqəsinə mənsub, əlində vəsait olan şəxslər orada bir növ investor qismində çıxış etdilər.
Çinlə də ciddi yaxınlaşma var və həqiqi mənada strateji tərəfdaşlıq qurulub. Bu günlərdə Gürcüstan hökuməti hələ Saakaşvili dövründə icrasına başlanılmış Anakliya dərin dəniz limanı layihəsinin icrasını (49% pay) Çinin dövlət şirkətlərinə verdi. Bütün bunlar Qərbdə narazılıq və narahatlıqla qarşılansa da, “Gürcü Arzusu”nun reytinqinə müsbət təsir göstərir.
Amma önəmli məqam budur ki, “Gürcü Arzusu”nun seçicilərinin əksəriyyəti avroatlantik inteqrasiyanı dəstəkləyir. Onlar hökumətin indiyə qədər ölkəni məhz bu istiqamətdə apardığına əmin olublar. Avropa və ABŞ-da çoxlu sayda gürcü miqrant yaşayır-çalışır, onların vətənə göndərdiyi pul baratları da sosial stabilliyə töhfə verir. Qərblə iqtisadi əlaqələr də Gürcüstan üçün çox vacibdir. Dərinə getmədən təkcə onu qeyd etmək kifayətdir ki, ölkənin ixrac gəlirlərində minik avtomobilləri ilk sıradadır. Məsələn, bu ilin ilk rübündə Gürcüstan minik avtomobilləri ixracından 444 milyon dollar gəlir əldə edib. (Müqayisə üçün: ixracatda 2-ci başlıq olan şərab məhsulları ixracından eyni dövrdə 84 milyon $ qazanılıb). Bu avtomobillərin əksəriyyəti ABŞ və Avropadan gətirilir və onların reeksportu həyata keçirilir.
ABŞ və Avropa ilə münasibətlərin pozulduğu, viza rejiminin dayandırıldığı və ölkənin Qərbdən təcrid olunduğu bir şəraitdə əhalinin məmnuniyyəti və “Gürcü Arzusu”na dəstəyi davam edəcəkmi? Bu sualın cavabını oktyabr seçkilərində görəcəyik və xalqın seçimi Gürcüstanın taleyini müəyyənləşdirəcək.
Şahin CƏFƏRLİ
Siyasi şərhçi
Əvvəlki məqalə

Bayden Ukraynaya elektrik şəbəkəsinin bərpası üçün yardım ayırdı

Sonrakı məqalə

Bayden iri yardım paketi ilə bağlı gecikməyə görə Zelenskidən üzr istəyib