Gürcüstan erməniləri Tbilisi ilə Bakının münasibətlərini korlamağa cəhd edir –

DTX-nın hesabatı nəyi göstərir?
24 Aprel 2020 - 12:00

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bu yaxınlarda 2019-cu ilə dair hesabat dərc edib. Bu hesabatın bəzi aspektləri Gürcüstanın qonşuları, xüsusilə Azərbaycanla münasibətlərinin pozulmasına xidmət edən cəhdləri əks etdirir.

“İnterfax” ölkənin Azərbaycanla qarşılıqlı münasibətləri və Gürcüstan ermənilərinin və ermənipərəst qüvvələrin belə fəaliyyətdəki rolu ilə bağlı hesabatda verilən məlumatları təhlil edib.

Hesabatda qeyd edilir ki, regionda geosiyasi çağırışlar fonunda Gürcüstan Azərbaycan, Türkiyə və Ermənistanla mehriban qonşuluq münasibətlərini sabit şəkildə qoruyub saxlayır. Bununla belə, mövcud ikitərəfli münasibətlərə birbaşa və ya dolayısı ilə daim müdaxilə etmək və onlara qəsdən ziyan vurmaq cəhdləri mövcuddur. “Bu kontekstdə 2019-cu ildə David Qareci (“Keşikçidağ”) monastır kompleksi ətrafında baş verən hadisələri müzakirə etmək lazımdır. Həyata keçirilən destruktiv kampaniya Gürcüstan-Azərbaycan dövlət sərhədində vəziyyəti, eləcə də iki ölkə arasında strateji tərəfdaşlığı təhlükə altına qoymuşdu”, – deyə sənəddə qeyd edilir.

Gürcüstanın xüsusi xidmət orqanları hesab edirlər ki, bu proseslərə müxtəlif qüvvələr, o cümlədən milli dəyərlərin qorunması adı altında gizlənən ayrı-ayrı şəxslər və bir qrup şəxs cəlb olunub. Problemin kəskinləşməsi üçün informasiya müharibəsi üsullarından fəal istifadə edilib.

Hesabatda bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidməti təxribatların qarşısını almaq və vəziyyəti sabitləşdirmək üçün müvafiq tədbirlər görüb. Qurum Gürcüstanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Hökumət Komissiyasının işində iştirak edir. Təhdidləri minimuma endirmək üçün danışıqlar prosesinə cəlb olunmuş qurumlara müvafiq tövsiyələr verilib. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin regional bölmələri müvafiq qurumlarla əlaqəli şəkildə sərhəd zonasında vəziyyətə daim nəzarət edir və müvafiq operativ dəstək göstərirlər.

“Gürcüstanda təsirə malik olmaqda maraqlı olan dövlətlər ölkədə ictimai narazılıqdan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Mühüm proseslərə mənfi təsir göstərmək üçün ictimai rəylə manipulyasiya etmək cəhdləri olmuşdur…”, – deyə sənəddə vurğulanır.

Hesabatda hansı dövlətlərin məhz bu cür qüvvələri dəstəklədiyi məlum səbəblərdən açıqlanmasa da, Agentlik hesab edir ki, bu hərəkətlərin arxasında, ilk növbədə, Ermənistan və Gürcüstandakı ermənipərəst qüvvələr dayanır.

Təhlil göstərir ki, Gürcüstandakı ermənilər və ermənipərəst qüvvələr dövlət orqanlarında mövqelərini fəal şəkildə möhkəmləndirir, yüksək vəzifələr tutur, Gürcüstana (məsələn, 442 gürcü kilsəsinin erməni kilsəsinə verilməsi), eləcə də Azərbaycana (məsələn, David Qareci kompleksi ərazisinin bir hissəsinin Gürcüstana verilməsi) qarşı cəfəng işğalçı tələblər irəli sürürlər.

Bütün bunlar Gürcüstanın təhlükəsizliyi və ərazi bütövlüyünə təhdiddir.