“Həsən Həsənov bizə dedi ki, İsmayıl Şıxlını yıxın, yerinə Anarı gətirin…” –ƏKRƏM ƏYLİSLİDƏN QALMAQALLI AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı arxada qalsa da, bu qurumun ətrafında yaranmış ajiotaj davam edir. Qarşılıqlı ittihamlarla, hətta təhqir və təhdidlərlə müşayiət olunan mübahisələrə qocaman yazıçı Əkrəm Əylisli də qoşulub.

Azpost.info bildirir ki, Ə.Əylisli Yenisabah.az-a açıqlamasında tarixə ekskursiya edərək, 35 il əvvəl Anarın AYB sədri seçildiyi dövrlə bağlı sensasiya sayılacaq açıqlamalar verib:

“O vaxt Anarı vəzifəyə təklif edənlərdən biri mən olmuşam. Təklif isə Mərkəzi Komitənin katibi Həsən Həsənovdan gəlib. O, mənə və bu gün orada Anarı müdafiə edənlərin hamısına bircə-bircə zəng edib demişdi ki, İsmayıl Şıxlını yıxın, Anarı onun yerinə gətirin. Biz də bunu etmişdik, mən də etmişəm, çünki Həsən Həsənov ziyalıların arasında çox böyük avtoritet sahibi idi.

İndi deyirlər ki, guya azad şəkildə seçki oldu və Anar seçildi, xeyr, Anarı Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov tapşırmışdı. Bilmirəm, Kamran Bağırov niyə İsmayıl Şıxlını ordan çıxarıb Anarı gətirmək istəyirdi, amma bunu etdi. Bu gün də bunun səbəbini bilmirəm. İndi Anar deyir ki, İsmayıl Şıxlı özü gedib, xeyr, İsmayıl Şıxlı getmək fikrində deyildi.

Həmin iclasa Ramiz Mehdiyev də gəlmişdi. Mehdiyev gəlib dedi ki, Rəyasət Heyəti qərar çıxarıb ki, İsmayıl Şıxlı yerində qalsın və məsələyə baxılmayacaq. Ramiz Mehdiyevin tələbini mən pozdum, bunu da Həsən Həsənovun xatirinə etdim, küyə getdim. Hətta sonradan Həsən Həsənov mənə zəng edib Kamran Bağırovun təşəkkürünü də çatdırdı”.

Ə.Əylisli Anarın vəzifəyə gəldikdən sonra xeyli dəyişdiyini iddia edib:

“Mən Anarı vəzifəyə təklif edəndə o, indiki Anar deyildi. Sonralar vəzifədən elə yapışdı ki, sanki ondan əziz heç nəyi yox imiş.

Baba Vəziroğlu açıqlamasında deyib ki, biz gənc yazarlar olaraq yığışdıq, Əkrəm Əylisli bizdən böyük idi, onunla da məsləhətləşib vəzifəyə Anarı təklif etdik. Yalan deyir! Onların hamısına Həsən Həsənov zəng eləyib tapşırmışdı. Həsən Həsənov sağdır, kim istəsə, ondan da soruşsun. Məni bu məsələyə görə zorla rayondan gətirtdilər, rayonda ev tikdirirdim, raykomun katibi gəldi yalvardı ki, sən Bakıya get, çağırırlar, mən işçilərin üstündə dayanaram.  Mən də gəldim, haradan bilərdim ki, bu adam bu qədər mənsəbpərəst, vəzifəpərəst, hər şeyini vəzifəyə qurban verə biləcək biridir. Mən bunu bilmirdim, bilsəydim, belə şey eləməzdim. Həsən Həsənov olmasaydı, başqa bir dövlət adamı məndən bunu istəsəydi, etməzdim. Sadəcə, Həsən Həsənova böyük hörmətim var idi. O, həmin vaxt Azərbaycan yazıçılarını yaxşı tanıyırdı, bizim keşiyimizdə dayanmışdı, hörmət edirdi, böyük ziyalı idi. O qədər şey var ki, bu gün desən də camaatı inandırmaq olmur”.

O, bu gün Anarı müdafiə edənlərin ədəbiyyat qayğısında olmadığını bildirib:

“O vaxt Anarın özünə dedim ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri zəif əsərdir və özüm də çap elədim. Hələ o vaxt bildirdim  ki, bu əsərin əldən-ələ gəzəcək, çünki əsər aşağı səviyyəli oxucuların malı olacaq. Bu sözləri şəxsən Anarın özünə dedim, kitabını da çap elədim.

İndi Anarı mədh edənlər ədəbiyyat qayğısında deyillər, onlar ədəbiyyatın inkişafında maraqlı deyillər. İdeologiya faktiki olaraq belə adamların əlinə düşüb, onlar da kefləri istədiyi kimi onu oynadırlar. Sabiq, güclü bir mərkəz yoxdur ki, buna nəzarət etsin. Zəmanə tamamilə dəyişib”.

Əvvəlki məqalə

“Ratsiyada erməni dilində əmr verib 1500 erməni hərbçisini aldatdı…” –

Sonrakı məqalə

“HƏP-in İlham Əliyevə dəstək qərarına qarşı qara təbliğat aparılır” –