Həşimovlar ailəsi Bakı-Tehran əlaqələrinin “buz dövrü”nə eyhamdır? –

TƏHLİL
06 May 2021 - 14:51
Azərbaycanın şəhid generalı Polad Həşimovun ailəsi İran səfirindən “Dünya altruizm” medalı aldıqdan sonra ondan imtina edib. 
General Qasim Süleymaninin xatirəsinə təsis olunmuş medaldan imtinaya səbəb nədir?
Həşimov ailəsinin üzvləri “Adımızdan sui-istifadə edirlər”, – deyib. Amma sui-istifadənin nədən ibarət olduğu açıqlanmayıb.
Azərbaycanın Milli Qəhrəmanının anası və qardaşının bu hərəkətə vadar edilməsi gümanı üçün əsas varmı?
Bəlkə, mükafatdan imtinanın pərdəarxasında rəsmi Bakı durur?
Prezident İlham Əliyevin ard-arda Azərbaycan-İran sərhədini “dost sərhədi” adlandırmasından sonra Tehrana inciklik göstərmənin səbəbi nə ola bilər? Küsülülüyün iranlı general Qasim Süleymani ilə əlaqəsi varmı? Bəlkə mükafatdan imtina tələbi, Hikmət Hacıyevin ifadəsilə, “strateji tərəfdaş” adlandırılan İsraildən gəlib?
2020-ci ilin yanvarında “Qüds” qüvvələrinin komandanı Bağdadda öldürüldükdən sonra Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov iranlı vəzifədaşı Cavad Zərifə zəng edərək başsağlığı vermişdi. Müdafiə nazirinin müavini Kərim Vəliyev İran səfirliyində Qasim Süleymaninin anım mərasiminə qatılaraq xatirə dəftərində qeyd yazmışdı.
Söz düşmüşkən, 2020-ci ilin dekabrında, İranda nüvə alimi Möhsün Fəxrizadəyə sui-qətsddən sonra da məhz Kərəm Vəliyev səfirlikdə olmuş, Azərbaycan Silahlı Qüvvələri adından başsağlığı diləklərini çatdırmışdı.
Bakı-Tehran münasibətlərində iti bucaqlar
Şübhəsiz, əlaqələrin hamar olduğu qənaəti yanlışdır. Tərəflərin bir-birinə irad tutacağı məqamlar qalmaqdadır.
Doğrudur, Dağlıq Qarabağın işğaldan azad edilməsi sonrası Azərbaycan-İran əlaqələrində ciddi pozuntuya işarə görünməyib. İki ölkənin müştərək sərhədində suveren hüquqlar tam təmin olunub. Yeganə sahə “Xudafərin” və “Qız qalası” su bəndlərinin şimal hissəisi idi ki, 2004-cü ildən bəri İran sərhədçiləri, qarşılıqlı razılıqla, bu sahəyə də nəzarət edirdi. Lakin 2021-ci ilin aprelində bəndlərin şimal hissəsinə nəzarət Azərbaycanın Dövlət Sərhəd Xidmətinə (DSX) təhvil verilib.
Bununla bərabər, müharibə zamanı rəsmi Tehranın Bakıya dəstək nümayişi ərazilərin bərpasında İran şirkətlərinin iştirakına yol açıb. Xarici işlər naziri Məhəmməd Cavad Zərif “3+3” düsturlu regional əməkdaşlıq təşəbbüsünü dəstəkləyib.
İran tərəfinin əsas narahatlığı Ermənistanla ortaq 44 km-lik sərhədlə bağlıdır. İki dövlətin hüdudlarında dəyişiklik Tehran üçün “qırmızı xətt”dir” və bölgədə tikanlı məftillərin yerdəyişməsi Azərbaycanın cənub qonşusunun nəzərində geosiyasi mənadan başqa, iqtisadi ziyan – Ermənistan və Gürcüstana tranzitdə maneə və xərclərin artımıdır.
Azərbaycan tərəfində isə son vaxtlar daha tez-tez Zəngəzur iddiaları səslənir. Söhbətin “tarixi ərazi” və ya nəqliyyat dəhlizindən getdiyi, yəni fərqli mənaların ayırdı, qavramı Tehran üçün çətinləşib.
“Tarixi ərazi”, yoxsa vacib dəhliz?
Hələ 2016-cı ilin dekabrında Ağdama səfəri zamanı Prezident ilham Əliyev bildirmişdi ki, “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur tarixi coğrafiyamız, tarixi torpaqlarımızdır”.
Bu bəyanat sonralar da bir neçə dəfə təkrarlanıb. Lakin 2021-ci ilin aprelində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında dövlət başçısı deyib: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.
Dövlət başçısı əlavə edib: “Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq. Niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.
Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martında keçirilən VII qurultayındakı yekun nitqində isə Prezident İlham Əliyev bildirib: “Müharibənin nəticələrindən biri də, əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”.
Azərbaycanın anklav bölgəsi olan Naxçıvanla oxşar dəhlizə malik olması da, təfərrüatların tam açıqlığına baxmayaraq (o cümlədən, Rusiya hərbçilərinin dəmir yolu xəttinə nəzarət etməsi), görünür, İran tərəfində müəyyən suallar doğurub. Halbuki köhnə dəmir yolu xəttinin bərpası və sonradan Çabahar limanından (İran) Qəzvin-Rəşt-Astara-Astara (Azərbaycan) uzanan xəttə birləşmə Şimal-Cənub Nəqliyyat Dəhlizinə mühüm əlavə olacaq.
İranın ikinci dəhlizə mənfi təpkisi Naxçıvanın energi-qaz təminatında komissiya gəlirlərini gələcəkdə itirməsi ilə ifadə oluna bilər. Artıq Iqdırdan birbaşa Naxçıvana qaz kəmərinin çəkilişi elan olunub. Anklavın elektrik enerjisi təchizatında da dəyişikliyin olacağı gözləniləndir.
“Suriyalı muzdlular” ifadəsi
Ara-sıra İran rəsmilərindən olmasa da, mediada Azərbaycanda qıcıq doğuran ittihamlar səslənir. Bu il fevralın 26-da Prezident İlham Əliyevin xarici KİV-lər üçün keçirdiyi mətbuat konfransında “Mehr” agentliyi müxbirinin Qarabağ bölgəsində təkfirçi-terorçuların mövcudluğu barədə sualı və dolaşıq izahları xüsusilə yaddaqalan hadisə olub.
Bir neçə gün əvvəl Ermənistan Respublikasının İrandakı səfiri Artaşes Tumanyandan götürdüyü müsahibədə də ISNA əməkdaşı Fatimə Xoşniyyət “Qarabağdakı hərbi əməliyyatdan sonra bəzi nəşrlərdə yer alan xəbərlərə görə, terror qrupları bölgəni tərk etməyib” sualını verməklə, eyni siyasi səhvi təkrarlayıb.
Öz növbəsində, səfir Tumanyan isə “İranın müharibə və sonrakı dövrlərdəki mühüm rolunu xüsusi vurğulayaraq” Tehranın “regional sülh və sabitliyi təhdid edən fenomenlərə qarşı prinsipial mövqeyini”, o cümlədən “iki ölkə arasındakı ortaq sərhədi və Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün gördüyü xəbərdarlıq açıqlamaları və qoşunlarını sərhəd boyunca yerləşdirilməsi”ni xatırladıb.
Ermənistan səfirliyinin “Telegram” səhifəsində diplomatın İranın müafiə naziri Əmir Hatəmi ilə görüşü barədə məlumatda da eyni mövzuya vurğu var.
Qıcığı artıran başqa bir səbəb İrandan Dağlıq Qarabağa yanacaq daşınması ilə bağlı iddialardır. İkinci Qarabağ müharibəsindən əvvəl də oxşar video ilə böyük siyasi hay-küy qopmuşdu. Növbəti video-foto görüntülərin harada və nə vaxt çəkildiyinə dair hələlik səhih məlumat yoxdur. Bakıdakı İran səfirliyi mövzunun araşdırılması üçün Tehranla məsləhətləşmələr aparılacağını bildirib.
İsrailə geniş jestlər
Dərin müşahidədə Azərbaycan-İran əlaqələrində iti bucaqların sayını artıracaq və inciklik üçün daha iki səbəb tapıla bilər. Bunlardan birincisi iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri, hökumətlərarası komissiyanın iclasında iştirakı və İsraildə Ticarət-turizm Evinin açılışı barədə bəyanatdır. Rəsmi Bakı hələlik səfirlik açmaqda tərəddüd etsə də, Ticarət Evinin açılışı cəsarətini diplomatik nümayəndəliyin mövcudluğu yönündə ilk addım saymaq olar.
Digər mühüm məsələ prezident Baydenin 2002-ci ildən bəri Konqresin Azadlığa Dəstək Aktına “907-ci düzəliş”dən yan keçmə müddətini uzatması və Azərbaycana ABŞ hərbi yardımının verilməsi xəbəridir.
Dövlət katibi Blinkenin Azərbaycanla əməkdaşlığın üçü əsas dyağa – təhlükəsizlik, enerji təminatı, insan haqları və demokratik dəyərlərə söykəndiyini bir daha təkrarlayan yeni administrasiyanın Cənubi Qafqaz dövlətini konkret hansı silah növləri ilə təchiz edəcəyi təfərrüatlı açıqlanmayıb. Amma İsrail xüsusi xidmət rəhbəri başqda olmaqla, yəhudi dövləti heyəti bu yaxınlarda ABŞ-da məsləhətləşmələr aparıb, bu, mediada İranın nüvə təsisatlarına sarsıdıc zərbə vurmaq üçün Ağ Evin İsrailə yaşı işıq yandırması, habelə İran silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair möhtəkir məlumatlar seli doğurub.
İsrail mediasının bəzi təmsilçiləri bilərəkdən, ya da bilməyərəkdən bu selin qarşısını almaq yerinə, qarşısındakı bəndləri götürürlər. Yossi Melman “Middle East Eye”-da son 10 ildə Azərbaycanın İsrailin ən yaxşı regional müttəfiqi olduğunu vurğulayaraq, qeyd edir ki, “İsrail Bakıya modern silahlar – xüsusən də pilotsuz təyyarələr – və kəşfiyyat avadanlığı tədarük edib ki, bunun da qarşılığında israillilərə Azərbaycan torpaqlarını İrana qarşı xüsusi əməliyyatlar üçün atəş meydançası kimi istifadə etmək imkanı verilir. “Mossad” əməliyyatçıları İslam Respublikasına sızmaq üçün Azərbaycandan casuslar cəlb edir və hərbi kəşfiyyatın burada xüsusi dinləmə postları var”.
Melman, “The New York Times”, “Foreign Policy” də daxil olmaqla, ABŞ mediasının iddiasını təkrarlayır: “İranın mərkəzi nüvə arxivinə soxulan və içindəkiləri oğurlayan “Mossad” casusları Azərbaycanla sərhədi keçərək öz qənimətləri ilə qaçmağı bacarıb”. Bunun qarşılığında “İsrail keçən il Dağlıq Qarabağda erməni qüvvələri üzərində Azərbaycanın qələbəsində böyük rol oynayaraq Bakıya dronlar və hərbi məsləhətçilər göndərib”.
Azərbaycan və İsrail arasında bu dərəcədə mərhəmlik olduğuna dair açıqlamanın əks tərəfdə diş qıcırtma doğurması gözləniləndir. Üstəlik, İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı da Tehranda əlavə qayğılar yaradır. Yəhudi dövlətinin İsrailin xarici işlər naziri Qabi Aşkenazi açıq bildirib: “Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və ən böyük enerji tədarükçüsüdür”.
Bir sözlə, rəsmi Bakı tarazlı siyasətdən maraqlar müstəvisinə keçərək mürəkkəb şahmat partiyası oynayır.
Əziz Rzazadə