“Hər saniyə çantamı götürüb hava limanına qaçmağa hazıram” –Cavanşir Quliyev (MÜSAHİBƏ)

Bəstəkar Cavanşir Quliyev. Bu ad hamımıza yaxşı tanışdır. Onun hərbi-vətənpərvərlik mövzulu musiqilərinin sədaları altında formalaşıb 80-ci illər nəsli. Onun peşəkarlığı və istedadı barədə kifayət qədər deyilib, yazılıb. Kütləvi tamaşaçı, dinləyici könlündə Vətən sevgisi yaradan bəstəkarı daha çox “Əsgər marşı” ilə tanıyır, sevirik.

Sənətkarın Birinci Qarabağ savaşından bizimlə yol gələn şərqiləri 44 gün davam edən Vətən müharibəmizdə də yenə nəğməli bələdçimizə çevrildi. Dodaqlarımız onun mahnılarını, Əsgər, Vətən, Qəhrəman, Şəhid deyən melodiyalarını zümzümə etdi. Elə özü də uzaq dağların o üzündən bizə qoşuldu…

70 yaşın astanasında hələ də qürbət şərqiləri yazan, Şimali Kiprdə yaşasa da Vətəni üçün ürəyi həmişəkindən daha bərk döyünən Əməkdar incəsənət xadimi Cavanşir Quliyevlə günümüzün reallığı olan distant formatda, internet vasitəsilə söhbət etdik.

– Musiqinin bir çox janrlarında, həmçinin irihəcmli əsərlər yazsanız da, əsasən mahnılarınızla tanındınız – xüsusilə vətənpərvərlik ruhlu mahnılar. Bu, tələbat idi, yoxsa fəqrlənmək istəyi?

– Ciddi musiqinin dinləyicisi çox olmur, insanlar mahnını daha çox sevirlər və mahnı yazan bəstəkarları daha çox tanıyırlar. Lakin bu, həmin bəstəkarların mütləq mahnı bəstəkarı olduğuna dəlalət etməz. Bəstəkarlıq peşəsinin bir xüsusiyyəti də daim fərqlənmək istəyidir. Bu istək olmasa, inkişaf olmaz. Amma tələbatsız istək də nəticə vermir, bunlar bir-birinə bağlıdırlar. Bunları yerində hiss edib işlədən bəstəkar yaxşı nəticə ala bilir.

– Bu mövzulu mahnıların aqibətindən danışdıqda aranjiman məsələsi ön plana çıxır. Bəzən mahnı milli ruhda, söz vətənpərvərlik duyğularında, aranjiman isə hind, ərəb ritmlərində olur.

– Bəli, bu problem Azərbaycan musiqisində var. Çünki aranjiman işi ilə qeyri-peşəkarlar məşğul olur. Mahnının məzmununu və musiqi üslubunu, içindəki duyğuları hiss etmir, müğənninin imkanlarını və oxuma üslubunu nəzərə almırlar. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi müğənnilərin də savad və intellekti yüksək deyil. Nəticədə ortaya dediyiniz mənzərə çıxır. Bu iş bəstəkarlıq peşəsinin vacib və ayrılmaz hissəsidir və Bəstəkarlıq fakültəsində orkestrləşdirmə adı ilə ayrıca bir fənn olaraq öyrədilir. Ona görə də əsl bəstəkar əsərini aranjiman üçün başqasına verməz, özü edər. Peşəkarlıq bunu tələb edir. Belə olan halda əsər də bədii cəhətdən yekdil olar, bəstəkarın üslubunu (əgər varsa) qoruyub əks etdirər.

– Müstəqil Azərbaycanın ilk hərbi marşını yazdınız, çox sevildi. Müsahibələrinizin birində “o duyğular olsa, təbii ki, yenə yazaram” demişdiniz. 44 günlük Vətən müharibəsi sizdə marş duyğusu yarada bildimi?

– Hər bir ordu müharibəni cəmiyyətin yardımı ilə aparır – ordu ilə millət birləşir, ayrı cür qələbə olmaz. Xoşbəxtlikdən bizdə də elə oldu – xalq, ordu və hakimiyyət birləşdi, bu birliyin qarşısında düşmən tab gətirmədi. Yeni marşa gəldikdə isə birini yazmışam, düzdü, hərbi marş deyil, amma marşa bənzər bir əsərdir, bəlkə yaxınlarda səsləndi.

– Cavanşir müəllim, deyirlər, döyüş uzaqdakına asan gəlir. Döyüş sizə uzaqdan necə göründü və onun melodik şərhi varmı?

– Mən əsl döyüşdə olmamışam, yalnız əsgərlikdə təlimlərdə müharibə oyunu oynamışam. Nə qədər qəribə səslənsə də, fikrimcə, müharibə dünyada ən səmimi fəaliyyətdir. Çünki hər şey göz qabağındadır, ya “ağ”, ya “qara”, ya öləcəksən, ya öldürəcəksən. Hər şey çox aydın görünür, bütün yalanlar, gizlinlər, səmimiyyətsizliklər arxada qalır. Müharibə, qalibiyyət hər insanın ömrü boyu hiss etmədiyi, edə bilməyəcəyi bir duyğudur. Onun melodik təzahürünü biz yalnız təxmin edə bilərik. Bunun üçün hər bir insan öz təxəyyülünü işə salır, bəstəkarlar da elə. Hər kəsin təxəyyülünə görə də musiqi alınır. Müharibənin yeganə bir musiqi dili yoxdur, məncə.

– Vətənpərvərlik mövzusunu qutsal qılıb, yalnız seçkinlər toxunmalıdır, yoxsa?

– Siz qutsal qılsanız da, insanların bu mövzuda əsər yazmalarının və müzakirə etmələrinin qarşısını ala bilməzsiniz. Sosial sifariş deyilən bir ifadə var – cəmiyyətin müəyyən bədii əsərlər arzuladığı, tələb etdiyi bir vəziyyət – bu halda o əsərlər yaranır. Bu, toplu yaşamın xüsusiyyətlərindən biridir. Yəni belə əsərlərin yaranma səbəbi cəmiyyətin istəyidir. Əsərlərin keyfiyyətinə nəzarət etmək isə təbliğat idarələrinin işidir və buralarda mütəxəssislər işləməli, ağı-qaradan yaxşı seçməlidirlər.

– Bu gün gənc nəsil sizi o qədər də tanımır. Amma “Əsgər marşı”nı əzbər bilir…

– Məni tanımayıb əsərlərimi bilmələri, əslində, mənə zövq verir. İnsan ömrü uzun deyil, məni tanısalar da, tanımasalar da, həyat bir gün bitəcək. Önəmli odur ki, əlindən çıxan əsərin insanlara gərəkli olsun, toplumun o əsərə ehtiyacı olsun. Bu hal məni xoşbəxt edir, həyatımın hədər olmadığını isbatlayır. Atatürk demişkən, gerisi təfərrüatdır.

– Son günlər vətənsevərlik ruhlu xeyli musiqi nümunəsi dinlədik. Bunlardan sizin diqqətinizi çəkən oldumu? Ümumən bu mövzuda mahnılarda mətn hansı sıradadır?

– Bu sualınıza ətraflı cavab verə bilməyəcəm, çünki Azərbaycan efirində səslənənlər barədə məlumatım çox azdır. Məncə, hər bir mahnıda mətn və musiqi bədii təsir gücünü bölüşdürür. Hər ikisinə eyni ağırlıqda bədii yük düşür. Mahnı hər hansı bir mövzunu (mətn) səslər vasitəsilə (musiqi) dinləyiciyə çatdırmaqdır. Burada sıra yoxdur, hər şey bərabərdir.

– Son dövr əsərlərinizə hansı ruh hakimdir?

– Müxtəlif. Yazılacaq əsərin mövzusuna, məzmununa, ab-havasına bağlıdır. Milli-tarixi, (“Oğuznamə” baleti), bəşəri-tarixi (“Nuh tufanı” baleti), gənc nəsli düşündürən mənəvi problemlər (“Kızılırmak” baleti), cəmiyyətin psixoloji durumu və insan haqları (“Müşfiq ağıları” oratoriyası) mövzular var.

– Döyüşlərin ilk günlərindən sosial şəbəkə izləyiciləri vətənpərvərlik ruhlu mahnılarınızı paylaşır, sizdən israrla qələbə yeni nəğmələr istəyirdilər…

– İnsanların məndən əsər istəmələri, təbii ki, mənə xoşdur, məni unutmadıqlarının nümayişidir. Zatən qələbə elə bir mövzudur ki, məncə, sənətkarlarımızın əksəriyyəti bu mövzunu işləyəcəklər. Mən də bu haqda düşünürəm. Başımda müxtəlif ideyalar dolaşır. Bu iş müəyyən zaman alacaq, çünki mövzu möhtəşəmdir. Necə deyərlər, dağın böyüklüyü ondan aralanınca aşkar olur. Sakit, eyforiyasız yanaşmalıyıq qələbə mövzusuna. Düzdür, bir mahnı artıq yazmışam, yuxarıda qeyd elədim. Adını və şairi deməyəcəyəm, ifa olunduqda açıqlanacaq.

– Döyüş günlərində haqq savaşımıza dəstək oldunuz. Xaricdə yaşayan başqa sənət adamlarımız, həmkarlarınız da həmçinin? Bu, sənət prizmasından effektli olarmı?

– Təbii ki, ən tutarlı təbliğat bədii sənətdir. Çünki sənət çox güclü silahdır, təsir qüvvəsi heç nə ilə müqayisə edilə bilməz. Xaricdə yaşayan soydaşlarımız da öz çevrələrində bu savaşı həm yaşadılar, həm vuruşdular, həm də anlatdılar. Zatən, internetdən hər kəs bunun şahidi oldu. Lakin biz hələ xaricdə sayca azıq, düşmən daha çoxdur. İnşallah, çoxalarıq, o zaman indiki düşmən bizim üçün artıq ciddi rəqib olmayacaq.

– Vətən müharibəmizin qəhrəmanları hansısa əsərinizə mövzu olacaqmı?

– İndidən kəsin bir şey demək çətindir. Ola bilər, təqdim olunacaq ədəbi materialdan asılıdır. Hazırda əlimdə elə bir əsər yoxdur. Zaman və yaxşı mətn öz sözünü deyəcək yəqin.

– Musiqi sahəsində bəzən qeyri-peşəkarlığın ön plana keçdiyini deyir və bunda peşəkarları qınayır, onları meydanı boş buraxmaqda məzəmmət edirlər. Bu fikirlə razılaşırsınız, yoxsa bu işdə daha çox adı hallanan teleefiri qınayırsınız?

– Televiziyalarda musiqi təbliğatı idarə olunmur. Hələ Üzeyir bəyin vaxtından musiqi “təsərrüfatı” həmişə yaxşı mənada idarə olunub. Bunun nəticəsində Azərbaycanda güclü peşəkar bəstəkarlar nəsli yetişib və onlar saysız-hesabsız şedevrlər yaradıblar. İndi isə nəyin yaxşı, nəyin pis olduğuna telekanallar özləri bildiyi kimi qərar verir və bu yöndə də hərəkət edirlər.

– Cavanşir müəllim, 70 yaşa kamillik yaşı da deyirlər. Maraqlıdır, sizi 70-ə gətirib çıxaran yol hələ də nahamardır?

– Mənim bütün həyat yolum nahamar olub. Bu vəziyyətə artıq alışmışam – hər hansı bir işim rahat gedəndə təhlükə hiss edirəm. O ki qaldı yaşa, Üzeyir bəy yadıma düşdü. Deyirlər, Üzeyir bəyin 50 yaşı olanda “Məşədi İbad” əsərinin üz qabığında iştirakçıların siyahısında Məşədinin adının qarşısında “50 yaşlı qoca baqqal” yazısını görür və təəccüblə: “Mənim də 50 yaşım var, niyə mən Məşədiyə qoca yazdım axı, mən özümü heç də qoca hiss etmirəm” deyərək 50 rəqəmini oradan silir. İndi mən də özümü heç də 70 yaşlı qoca hiss etmirəm.

– İnsan yaşa dolduqca arzu və istəkləri, həyat və gerçəklik haqqında təsəvvürləri də dəyişir. Uzun və iddialı planlar qurmur, daha tez unudub, asan barışır. Bəs siz?

– Mən də elə, digər insanlardan fərqli deyiləm. Yaradıcılıqda isə böyük planlar hələ də davam edir – “Dədə Qorqud”u yazıb bitirməliyəm, 12 balet olmalıdır.

– Vətən üçün darıxanda nə etdiyiniz maraqlıdır: siz də mərhum Emin Sabitoğlu kimi fortepiano qarşısına keçirsiniz, yoxsa?…

– Yox, mən eləcə darıxıram, xiffət edirəm, hər saniyə çantamı götürüb hava limanına qaçmağa hazıram. Artıq 15 ildir bu vəziyyətdə yaşayıram.

 Həmidə NİZAMİQIZI

“Mədəniyyət” qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sehrbaz çox tez getdi” –

Sonrakı məqalə

Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib –